Litva knyazlığının yaradılması. XI-XII əsrdə - XIII əsrin əvvəllərində Baltik dənizinin cənub-şərqində müasir estonların, litvalıların, latışların ulu babaları yaşayırdılar. Həmin dövrdə onlarda ibtidai icma münasibətləri dağılmağa və feodal münasibətləri yaranmağa başladı. Litva knyazlığı XIII əsrin ortalarında yaranmışdır.
Alman cəngavərlərinin və isveçlərin Şərqə hücumu. XII əsrdə Avropa cəngavərləri estonlar, litvalılar, latışlar üzərinə hücum etməyə başladılar. Onlar Baltikyanı xalqların sərvətini ələ keçirmək və Roma papasının göstərişi ilə onları xristianlaşdırmaq istəyirdilər. Roma papası 1184-cü ildə monax Meynardı xristianlığı yaymaq üçün Litvaya göndərdi. Lakin əhali onu qovdu. Bundan sonra 1198-ci ildə səlibçiləri litvalıların üzərinə göndərdi. Alman cəngavərləri 1201-ci ildə Riqa şəhərinin əsasını qoyub Livoniya ordenini yaratdılar.
Demək olar ki, almanlarla eyni vaxtda İsveç feodalları və Danimarka kralı da Baltikyanı torpaqlara hücum etdilər. Danimarkalılar estonların torpağını tutdular. 1219-cu ildə Revel qalasının əsası qoyuldu. Estonlar üsyan qaldırdılar, novqorodlular da onlara qoşuldu, lakin üsyançılar məğlub oldu.
Neva çayı sahilində döyüş
1237-ci ildə Tevton ordeni ilə Livoniya ordeni birləşdi. İsveç kralı böyük ordu ilə Novqoroda hücum etdi. Novqoroda dəvət edilmiş knyaz Aleksandr isveçlərin ölkənin içərilərinə irəliləməsinin qarşısını almaq üçün onların üzərinə qəflətən hücum etməyi qərara aldı. 1240-cı il iyunun 15-də Aleksandr öz drujinası ilə Neva çayının sol sahilində İsveç qoşunlarının düşərgəsinə hücum etdi və ağır məğlubiyyətə uğratdı. Aleksandra göstərdiyi igidliyə görə
«Nevski» ləqəbi verildi.
Buz döyüşü
Alman cəngavərləri 1240-cı ildə Pskov torpağının bir hissəsini tutdular. Knyaz Aleksandr öz drujinası ilə cəngavərləri məğlub etdi və Pskov torpaqlarını azad etdi.1242-ci ildə alman cəngavərləri hücuma keçdilər. Aleksandr ağır silahlı cəngavərlərlə Çud gölünün donmuş səthində döyüş aparmağı qərara aldı. 1242-ci il aprelin 5-də Çud gölü üzərində döyüş başlandı və novqorodlular qələbə çaldılar, çoxlu əsir aldılar. Səlibçilər əsirləri buraxmağı xahiş etdilər. Novqoroda səlibçilərin hücum etməyəcəyinə təminat verən saziş imzaladılar.
Beləliklə, Çud gölü üzərində qələbə nəticəsində Pskov və Novqorod torpaqları öz müstəqilliklərini qoruyub saxlaya bildi.
Qrünvald vuruşması
XIV əsrdə Litva dövləti ölkənin təhlükəsizliyini təmin edirdi. Knyaz Gediminin dövründə Litva knyazlığının ərazisi genişləndi. Kulikovo döyüşündən (1380) sonra almanların və rusların fəallaşması Polşa və Litvanı yaxınlaşdırdı. 1385-ci ildə Polşa və Litva arasında
uniya bağlandı.
Tevton ordeni öz torpağını genişləndirmək üçün litvalıların üzərinə hücum etdi, onların ərazisinin bir hissəsini tutub, əhalini qırmağa başladı. XV əsrin əvvəllərində cəngavərlərin tutduğu ərazidə litvalıların üsyanı baş verdi. Cəngavərlər Polşa torpaqlarına da soxuldular. Böyük Litva knyazı Vitovt və Polşa kralı Yaqoylo güclü qoşun topladılar. Bu qoşunun tərkibində polyaklar, çexlər, ukraynalılar, beloruslar, Smolensk torpağından gəlmiş ruslar da var idi. 1410-cu il iyulun 15-də Qrünvald kəndi yaxınlığında Polşa və Litva ilə Tevton ordeni arasında vuruşma baş verdi.
Almanlar Litva qoşununu sıxışdırdı, Smolensk, Vitebsk, Polotsk polkları döyüşə girdikdən sonra almanların hücumunun qarşısı alındı. Polyak qoşunumın döyüşə qoşulması nəticəsində Tevton ordeni tam məğlub oldu. Qrünvald qələbəsi cəngavərlərin Şərqə hücumuna son qoydu. Tevton ordeni bir daha özünü düzəldə bilmədi və süqut etdi.
Mənbə. kayzen.az