Elementor #6203

Elementor #6203

Abbasqulu ağa Bakıxanov (21 iyul 1794-Bakı, Əmircan kəndi– 1847 Məkkə) – tarixçi, filosof, şair, maarifçi. 1820-30-cu illərdə çar Rusiyası ordusunda qulluq edib, Türkmənçay müqaviləsinin (1828) imzalanmasında tərcüməçi kimi iştirak edib. "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. "Qüdsi" təxəllüsü ilə şeirlər yazıb

Həyatı

Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində varlı bir ailədə anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov səkkiz yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirmişdir. 1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək Qubada, Əmsar kəndində yasamış, yarımçıq qalan təhsilini davam etdirmişdir. 1819-cu ildə Bakıxanov general Yermolovun dəvəti ilə Tiflisə gəlib Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcümanı vəzifəsinə qəbul olunmuş və 26 il bu vəzifədə çalışmışdır. Ömrünün sonlarında o, Yaxın Şərqi səyahətə çıxmışdır. 1847-ci ildə Abbasqulu ağa Bakıxanov Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəba xəstəliyinə tutulub vəfat etmiş və həmin yerdə dəfn olunmuşdur.

Abbasqulu ağa Bakıxanovun elmi fəaliyyəti və pedoqoji xidmətləri

Abbasqulu ağa Bakıxanov Azərbaycan elmi tarixində mühüm rolu olan böyük alimdir. "Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri ilə böyük şöhrət qazanmışdır. Abbasqulu ağa Bakıxanovun dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərləri onun hərcəhətli bir alim olduğunu göstərməkdədir. Onun birinci elmi əsəri fars dilinin qrammatikasına aid yazdığı "Qanuni-Qüdsi" əsəridir. Fars dilinin qanunlarını öyrədən bu əsər müəllifin kiçik, lakin dərin məzmunlu girişindən, "Hərflər", "Kəlmələr" və "Cümlə" adları altında ayrı-ayrı üç fəsildən ibarətdir. Girişdə müəllif dilin yığcam elmi tərifini verdikdən sonra, bu əsəri nə münasibətlə, nə kimi şəraitdə və hansı prinsiplər əsasında yazdığı haqqında qısa və aydın elmi izahat verir. Həmin girişdən yenə aydın görünür ki, müasir dilçilik elminin tələbləri nöqteyi-nəzərindən çıxış edən alim bu əsərini yazarkən fars dilinin qanunlarını kitablardan deyil, canlı danışıq dilindən öyrənmişdir. 1826-1828-ci il Rusiya – İran müharibələri zamanı o tez-tez İrana gedərək bu dil üzərində müşahidə aparmış və zəngin material toplamışdır. "Qanuni-Qüdsi"də fars dilinin qanunları haqqında çıxardığı hökm və nəticələrini həmin materialdan istifadə edərək, bu dilin təbiətinə uyğun şəkildə vermişdir. "Qanuni-Qüdsi" əsərindən sonra Abbasqulu ağa Bakıxanov coğrafiya və astronomiya elmləri ilə məşğul olur. Böyük alimin Rusiyaya səyahətinin və müxtəlif ölkələri gəzməsinin bir səbəbi də coğrafiyaya olan meyl və marağı idi. Coğrafiya elminə aid onun iki əsəri var. Bunlardan biri "Kəşfül-qəraib", o birisi "Ümumi coğrafiyadır"dır. Hər iki əsər fars dilində yazılmışdır. İki fəsildən ibarət olan "Kəşfül qəraib" Amerikanın Xristofor Kolumb (1446-1506) tərəfindən kəşf olunmsından və Yer kürəsinin qərb hissəsini təşkil edən bu qitənin vəziyyətindən bəhs dir. Yarımçıq qalan "Ümumi coğrafiya" əsəri haqqında müəllif özü belə məlumat verir: "Bu əsər farsca olub, dünyanın riyazi, təbii və siyasi əhvalından, əcramın vəziyyətlərindən, ünsürlərin xassələrindən, məvalidin məhsulatından, iqlimlərin hüdüdunu təyin etmək və Yer kürəsi əhalisinin siniflərini müəyyən etməkdən və hər bir ölkənin yaşayış tərzindən bəhs edir". "Kəşfül-Qəraib"- Amerikanın kəşfinə dair olan bu əsəri Abbasqulu ağa Bakıxanov "Məriz" təxəllüslü şair-alim Mirzə Məhərrəm ilə birlikdə fars dilində yazmışdır: Əsər təkcə Amerikanın kəşfi hadisəsi ilə bitmir. Burada Xristofor Kolumbun (1451-1506) başına gələn əhvalatlar, o zamankı Amerika ərazisində yaşayan qəbilələrin ənənə və mərasimlərindən, əxlaq normalarından, coğrafi və iqlim şəraitindən geniş bəhs edilir. Əsər sadə xalq dilində qələmə alındığından maraqla oxunur və tarixi oçerk təsiri bağışlayır. "Ümumi coğrafiya", fars dilində yazdığı bu qiymətli əsəri əlimizdə yoxdur. "Gülüstani-İrəm"də verilən məlumatdan aydın olur ki, alim bu əsərində dünyanın təbii və siyasi əhvalından, cəmiyyət quruluşundan, qitə və sərhədlərdən, maddələrin tərkib və vəziyyətindən... bəhs etmişdir. Bakıxanovun yaradıcılığı ciddi tədqiq edildikdə aydın oldur ki, müəllif ərəb dilində "Əsrarül-Mələkut"u yazarkən özünün "Ümumi coğrafiya" əsərindən müəyyən qədər istifadə etmişdir. "Əsrarül-mələküt" əsərinin müqəddiməsində həmin əsərin "Ümumi coğrafiya" kitabının "riyazi hissəsindən" götürüldüyü qeyd olunur. 30-cu illərdə Abbasqulu ağa Bakıxanov kainatın quruluşu və vəziyyətindən bəhs edən əsərlərlə maraqlanır, qədim yunan və ərəb alimlərinin bu sahədə yazdıqları əsərləri mütaliə edir. Yeni inqilabi kəşfləri ilə məşhur olan Nyuton, Qaliley, Kopernik, Kepler və s. məşhur alimlərin əsərləri ilə tanış olur. Abbasqulu ağa Bakıxanov pedaqoji məsələlərlə bir alim kimi məşğul olmuş, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar olan iki əsər yazmışdır ki, bunlardan biri "Təhzibül-əxlaq", digəri isə "Kitabi-nəsihət"dir. "Təhzibül-əxlaq" əsəri Abbasqulu ağa Bakıxanovun əsas əxlaqi-fəlsəfi əsəri hesab etmək olar. Bu əsərdə o, cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını, onun gözəl cəhətlərini təbliğ edir. Əsər müqəddimə və xülasədən başqa 12 fəsildən ibarətdir. Müqəddimədə kitabın yazılma səbəbləri və hikmət qanunları, xülasədə isə bilik əldə etməyin sirləri haqqında danışılır. Fəsillərin adlarından aydın olur ki, A.Bakıxanov bu əsəri yazarkən klassik Şərq ədəbiyyatında bu səpkidə yazılmış bir çox kitabları araşdırmışdır. O, əsərdə bir əxlaq müəllimi kimi faydalı məsləhət və nəsihətləri ilə oxucunu düz yola dəvət edir, onu əməyə rəğbət, dostluğa sədaqət, böyüklərə hörmət, təvaze və ədalətə çağırır. İnsan qəlbini ləkələyən, onu cəmiyyət içərisində xar edən tənbəllik, riya, paxıllıq, nankorluq, yalançılıq kimi alçaq sifətlərdən çəkindirməyə çalışır və öz fikirlərini elmi surətdə, dərin fəlsəfi izah və sübutlarla möhkəmləndirir, bir çox məsələlərdə dünyəvi əxlaq cəbhəsində duraraq ümumbəşəri əxlaq normalarını təbliğ edir. Əsərdə yeri gəldikcə Şərqin Sənai, Əttar, Rumi, Sədi, Hafiz kimi məşhur şairlərinin şerlərindən istifadə edir və əxlaq gözəlliyi ifadə olunmuş bu şer parçaları ilə oxucunun qəlbinə daha çox təsir göstərməyə çalışır. "Təhzibül-əxlaq" müəllifin pedaqogika və psixoogiyaya aid elmi və nəzəri məsələləri əhatə edən fəlsəfi əsəridir. Əsər fars dilində yazılmış müqəddimə, on iki fəsil və nəticədən ibarətdir. "Təhzibül-əxlaq" əsərinin əsas məqsədi gəncləri pis əməllərdən çəkindirmək, onlarda nəcib və gözəl əxlaqi normaları tərbiyələndirməkdir. Şəxsiyyətin bütövlüyü, vicdan təmizliyi, doğruluq, ədalət, mərdlik, yoxsul və məzlumlara hamilik, insanlarla yaxşı rəftar, düşkün ehtiraslardan özünü saxlamaq, dünya malına tamah salmamaq, şöhrətpərəstlikdən çəkinmək, təvazökarlıq, zəhməti sevmək, elm və maarifin bayrağını hər şeydən uca tutmaq, vətənə və xalqa məhəbbət və s. bu əsərin irəli sürdüyü əsas əxlaqi məsələlərdəndir. "Təhzibül-əxlaq" əsərində müqəddimədən sonra gələn "E`tidala riayət", "Yaxşı işlərin fəziləti", "Can sağlığının qazanılması", "Şöhrətin bəyanı" fəsilləri əxlaq nəzəriyyəsi onun insanlığa, vətənə və xalqa olan məhəbbəti, maarifi və demokratik dünyagörüşü ilə bağlıdır. O bu nəzəriyyəsi ilə gənclərdə elə gözəl əxlaqi sifətlər tərbiyə etmək istəyir ki, onlar müasir cəmiyyətin faydalı və xeyirxah üzvləri olsunlar, onlardan xalqa zərə yetişməsin. Bu əsərdə Abbasqulu ağa Bakıxanov nəzəriyyə ilə təcrübənin qarşılıqlı əlaqə və münasibətini təyin etməyə çalışır. Elmlə əməlin bir-birindən asılı olduğunu izah edərkən, elmə üstünlük verir. Kainat və ilahiyyat məsələlərinin qısa fəlsəfi şərhindən ibarət olan "Xatimə"də müəllif kainatın maddi bir varlıqdan ibarət olduğunu, əşya və maddənin haldan-hala keçərək dəyişməsini, varlıqda yoxluğun olmamasını təsdiq edir. Burada Abbasqulu ağa Bakıxanovun qədim yunan materialist filosofları Demokrit və Empedoklun əsərləri ilə tanış olduğu aydın hiss olunmaqdadır. Lakin bu materialist dünyagörüşü onda müntəzəm və ardıcıl surətdə axıra qədər davam etmir, idealist dünyagörüşü ona qalib gəlir. "Təhzibül-əxlaq"dan sonra Abbasqulu ağa Bakıxanovun ikinci pedaqoji əsəri "Kitabi-nəsihət" və ya "Nəsihətnamə"dir. "Kitabi-nəsihət"də 102 nəsihət vardır. Əsər müəllifin kiçik müqəddiməsindən sonra dini nəsihətlərlə başlnır. Dini nəsihətlərdən sonra dövlət başçısına, ata-anaya, böyüklərə itaət və ehtiramın vacibliyinə aid, daha sonra isə həyat və məişət məsələləri ilə əlaqədar olan əxlaqi nəsihətlər verilir. Əxlaqi nəsihətlərin əksəriyyəti "Təhzibül-əxlaq"dakı əxlaqi nəzəriyyə ilə sıx bağlıdır. "Kitabi-nəsihət"in girişində müəllifin əsərinin izlədiyi əsas məqsəddən danışarkən tərbiyə və təlimə dair yazılan kitabların uyğunsuzluğundan, çətin dildə yazılmasından şikayət edir. Uşaqların əxlaqının yaxşılaşdıran və onlarda nəcib xasiyyətlərin yaranmasını təmin edən belə nəsihətlər bu gün də öz əhəmiyyətini itirməmişdir.

Gülüstani-İrəm əsəri

Azərbaycan və Dağıstan xalqlarının tarixinə aid olan "Gülüstani-İrəm" Abbasqulu ağa Bakıxanovun ən böyük elmi əsəridir. Əsər ilk məxəzlər əsasında, müəllifin uzun illər bu sahədə apardığı ciddi tədqiqatın nəticəsində yazılmışdır. Müəllif özü dövlət başçısına və müasirlərinə yazdığı müraciətnamələrində əsər haqqında "mənim uzun illər zəhmətimin məhsuludur" – deyə qeyd edirdi. Müəllif bu əsərini yazarkən bir neçə dəfə arxeoloji tədqiqat işləri aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, "Avesta"dan, qoca kişilərin nağıl və rəvayətlərindən, səyyahların verdiyi xəbərlərdən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, Roma, Azərbaycan, erməni və rus alimlərinin əsərlərindən istifadə etmişdir. Bu əsəri də Abbasqulu ağa Bakıxanov müqəddimə ilə başlayır. Müəllif yığcam, lakin dolğun məzmunlu bu müqəddimədə tarix elminə qısa bir tərif verir, onu cəmiyyət və xalq üçün ən faydalı elmlərdən sayır. Tarixə müasir elmin tələbləri nöqteyi-nəzəri ilə yanaşan müəllif bəşəriyyətin keçmiş həyatını təcrübə adlandırır. Hal-hazırdakı və gələcək həyatı yaxşı qurmaq üçün, bu təcrübədən istifadə etməyi lazım bilir. "Gülüstani-İrəm"in müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri, qədim yunan, erməni, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumat verilir. Azərbaycan və Dağıstan xalqlarını tarixini Abbasqulu ağa Bakıxanov bu xalqların öz daxili həyatlarına və tarixin ümumi inkişafına görə deyil, mühüm tarixi hadisələrə görə 5 dövrə ayırmış və buna əsasən də əsərini 5 fəslə bölmüşdür: 1. İslam dövlətinin zühurundan ərəb qoşunlarının gəlməsinə qədər Şirvan və Dağıstan ölkələrində baş verən qədim hadisələr. 2. Ərəb qoşunlarının Azərbaycana gəlməsindən başlayaraq monqolların istilasına qədər. 3. Monqol istilasından Səfəvilərin zühuruna qədər. Şirvanşahlar sülaləsi və onların səltənətinə aid hadisələr. 4. Səfəvilər dövlətinin zühurundan Nadir şahın vəfatına qədər. 5. Nadir şahın vəfatından "Gülüstan" adlı yerdə Rusiya və İran dövlətləri arasında bağlanan sülh müahidəsinə qədər. Əsərin birinci fəslində "Tarixi-Təbəri", "Tarixi-güzidə", "Nizamüt-təvarix", "Kitabi-məsalikül-məmalik", "Xəritətül-əcaib" kimi qədim Şərq mənbələrinə istinadən Nuhun tufanı, onun övladları, Yasəf, Ham və Sam nəsilləri, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti və s. haqqında yarımelmi, yarıməfsanəvi məlumat verilir. Bu fəsil müqəddiməyə və əsərin sonrakı fəsillərinə nisbətən zəif işləmişdir. Əsərin ikinci fəsli Azərbaycan və Dağıstan ölkələrinin ərəb işğalçıları tərəfindən istila olunması, ümumiyyətlə, ərəblərin bu ölkələrdəki hakimiyyəti dövrünün tarixinə həsr olunmuşdur. Həmin fəsildə ərəb xəlifələrinin buraya göndərdiyi hakimlər, ərəblərin xəzərlərlə vuruşmaları, xarici işğalçıların istilasına qarşı Babəkin mübarizəsi, onun Bağdadda əziyyətlə öldürülməsi və s. haqqında məlumat vardır. Lakin məşhur Babək üsyanı haqqında verilən məlumat həm müxtəsər, həm də çox ruhsuz və sönükdür. Bu məlumat uzun illər ərəb işğalçılarına qarşı qarşı amasızcasına vuruşan və ərəb xəlifəsinin əmri ilə zülm və işgəncələrlə öldürülən bu cəsur xalq qəhrəmanının fəaliyyəti tarixini qətiyyən işıqlandıra bilmir. Bunun səbəbi müəllifin tarixi hadisələrə xalq azadlıq hərəkatı nöqteyi-nəzərindən yanaşa bilməməsidir. Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm"də məşhur Azərbaycan coğrafiyaşünası Zeynalabdın Şirvaninin "Riyazüs-səyahə" əsərinə əsaslanaraq, Azərbaycan sözünü Babəkin adı ilə əlaqələndirir. Üçüncü fəsil hülakülərin və teymurilərin hakimiyyəti dövrünü işıqlandırır və Şirvanşahların səltənət və nəsibinə dair tarixi məlumat verir. Bu fəsildə Ağqoyunlular və Qaraqoyunluların mənşəyi və məşhur alim Xacə Nəsirəddin Tusi haqqında da məlumat vardır. Əsərin ən böyük bir hissəsini təşkil edən dördüncü fəsil Səfəvi padşahlarının və onların süqutundan sonra İran taxtına oturan Nair şah Əfşarın hakimiyyəti tarixinə həsr olunur. "Fütuhati-Əmini", "Tarixi-aləm-arayi-Abbasi", qolikovun "Böyük Pyotrun fəaliyyəti", Ustryalovun "I Pyotrun səltənət tarixi" və s. rus, fars və osmanlı mənbələrindən istifadə edilərək, fəsildə I Şah İsmayıl, I Şah Abbas və Nadir şahın hərbi səfərləri, Rusiya və Türkiyə qoşunlarının Dağıstan və Azərbaycan ölkələrinə hücumları, Sultan Səlim Yavuzun qoşunları ilə I Şah İsmayılın qoşunları arasında Təbrizin yaxınlığında gedən məşhur "Çaldıran" döyüşü, bəhs olunan dövrdə yerli əmir və hakimlərin fəaliyyəti haqqında zəngin məlumat toplanılmışdır. "Gülüstani-İrəm"in beşinci və son fəsli Nadir şahın ölümündən (1747) ta 1813-cü ildə Rusiya və İran dövlətləri arasında bağlanan "Gülüstan" sülh müqaviləsinə qədər 60 ildən artıq bir dövrü əhatə edir. Beşinci fəsil "Gülüstani-İrəm"in ən orijinal hissəsidir. Xanlıqlar dövrünün işıqlandırılması nöqtəyi-nəzərindən beşinci fəslin böyük elmi əhəmiyyəti vardır. "Gülüstani-İrəm" "Nəticə" adı ilə gedən sonluqla bitir. Lakin bu "Nəticə" əsərdə verilən məlumatın yekunu və ya xülasəsindən ibarət deyildir. Bu əsərdə sadəcə bir əlavədir. əlavədə Azərbaycanın məşhur alimi, yazıçı və şairləri haqqında qısa məlumat verilir. Azərbaycan və rus dillərində nəşr edilmiş bu əsər sonrakı dövrdə yaşayan tarixçilərimizin stolüstü kitablarından olub, əsasən islamın meydana gəlməsindən tutmuş 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan sülh müahidənaməsinə qədərki dövrdə xalqımızın tarixini tədqiq və təhlil etmək işində mühüm mənbələrdən biridir.

Əsərləri

  • 1.Qanuni-Qüdsi
  • 2.Əsrarül-Mələkut
  • 3.Təhzibül-Əxlaq
  • 4.Eynul-Mizan
  • 5.Gülüstani-İrəm

Ədəbiyyat

  • Abbasqulu ağa Baxıxanov
  • Azərbaycan tarixi S.Əliyarlının redaktəsi ilə. Bakı, 2009. 861 səh.
  • Azərbaycan tarixi VII cilddə – IV cild. Bakı,2007. səh 504.
  • F.Qasımzadə – XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1974. 486 səh.
568 Views