Elementor #6459
Bir gün Məcnun ibadətini yarıda kəsir və Leylanın yolunu gözləməyə başlayır. O gecə eşq onu məst etmişdi. Amma hər nə qədər gözləyirsə, faydasız olur.
Nəhayət başını səcdəyə qoyur və Allahla raz-niyaz edir. Deyir: “Allahım! Niyə məni xar etmisən, məni eşq xəstəsi etmisən. Leyli qədəhini əlimə vermisən və bu oyunla məni məğlub etmisən. Eşq neştəri canıma əyləşmişdir, ona görə də dərdim Leyli olmuşdur.
Mən artıq bu eşqdən yorulmuşam, qəlbim qanla dolmuşdur. Mən məcnunam, dəliyəm, Sən də məni məcnun etmə. Mən artıq bu oyuna gəlmək istəmirəm, Leylini istəmirəm.
Allahdan nida gəlir: “Ey məcnun olmuş! Sənin Leylin - əslində Mənəm. Damarlarında aşkar və gizlində mənəm. İllər boyu özün üçün Leyli yaratmısan. Ancaq Mən sənin yanında olmuşam, Məni heç tanımamısan.
Ona görə də Leylinin eşqini qəlbinə salmışam və səni avara edib, səhralara salmışam. Deyirdim ki, aqil olarsan, ancaq olmadın. Bir “Ya Rəbb” deməyini gözlədim, ancaq “Leyli, Leyli!”dən başqa söz demədin.
Onu gecə və gündüz çağırdın. Ancaq görürəm ki, bu gecə Mənim sorağıma gəlmisən.
İndi ki, Leyli səni xar etmişdir, yəqin ki, eşq dərsini artıq almısan.
Gəl Mənim yoluma, səni şah edim, sənin yolunda yüzlərlə Leylini qurban edim”. (Beytutə)
Allah həqiqətən də bizə şah damarımızdan da yaxındır. Lakin biz dünyanı sevərək, Onu görmür, bəzən də görməməzliyə vururuq. Dünyanın bizim üçün ərməğan etdikləri ilə özümüzü xoş tutmağa çalışırıq. Ancaq sonunda yenə də xar olan biz oluruq. Çünki həqiqi Leyli dünyada deyildir. Onu axirətdə axtarmaq lazımdır. Hər kim Allah yolunun yolçusu olar, yüzlərlə dünya Leylisi onun qurbanı olar.
/Deyerler.org/