Patrisilərlə plebeylərin mübarizəsi.Italiyanın işğalı

Patrisilərlə plebeylərin mübarizəsi.Italiyanın işğalı

    Plebeylərin qələbəsi. Respublika yaranandan sonra da plebeylər hüquqsuz qaldılar. Onlar patrisilərlə bərabər hüquqa malik olmaq üçün e.ə. V-III əsrlərdə mübarizə aparırdılar. Patrisilər onlara icma torpaqlarından istifadə etməyə, dövlət idarə işlərində iştirak etməyə imkan vermirdi. Buna cavab olaraq, plebeylər orduda xidmətdən imtina etmək, Romadan çıxıb yeni şəhərlər salmaqla və s. ilə hədələyirdilər. E.ə. V əsrin əvvəllərində plebeylər onların hüquqlarını müdafiə edən tribunların seçilməsinə nail oldular. Tribun senatın və konsulun plebeylərin mənafeyinə zidd olan istənilən qanunu ləğv edə bilərdi. Onun «veto», yəni «qadağan edirəm» deməsi kifayət idi. Romada xalq tribununu öldürmək ən ağır cinayət sayılırdı. E.ə. III əsrin əvvəllərində plebeylər qələbə qazanıb Romanın tam hüquqlu vətəndaşı oldular. Onlar yüksək vəzifə tutmaq, icma torpaqlarından istifadə etmək hüquqlarına malik. oldular. Hər bir Roma vətəndaşı dövlət vəzifələrinə seçilə bilərdi, lakin vəzifə üçün heç bir haqq verilmədiyinə görə vəzifəyə ancaq varlılar seçilirdi. Roma quldarlar və aristokratlar respublikası idi.

İtaliyanın Roma tərəfindən işğalı

Roma respublikasının qoşunu əsasən kəndlilərdən təşkil olunurdu. Qoşun legionlara bölünürdü. Bir legionda 4500 döyüşçü olurdu. Legionun cinahlarını atlı qoşun qoruyurdu. Döyüşə yüngül silahlı döyüşçülər başlayırdı. Sonra onlar geri çəkilib ağır silahlı legionerlərə yol verirdilər. Onlar zirehli paltar geyir, nizə və qılıncla silahlanırdılar. Silahı itirməyə, keşikdə yatmağa görə ölüm cəzası verilirdi. Falanqa ancaq düzən yerdə, legion isə hər bir şəraitdə vuruşa bilirdi. İtaliyada 12-yə yaxın xalq yaşayırdı. Roma 200 il onlara qarşı müharibə apardı. Romalılar İtaliyanın şimalında qallarla toqquşdular və məğlub oldular. E.ə. 390-cı ildə qallar Romanı talan edib dağıtmış və yandırmışdılar. Romalılar Kapitoli təpəsində müdafiə olunurdular. Qallar gecə xəlvəti Kapitoli təpəsinə çıxdılar. Qazlar səs-küy salıb döyüşçüləri oyatdılar. Qallar Kapitolidən aşağı qovuldu. «Qazlar Romanı xilas etdi» ifadəsi buradan yaranmışdır. Yunanlar və romalılar qalları kelt adlandırırdılar. Keltlər papaqlarına xoruz lələyi taxırdılar.     Romalılar İtaliyada olan yunan koloniyalarını da işğal etməyə başladılar. Balkan yarımadasında olan Kiçik Epir padşahlığının hökmdarı Pirryunan koloniyalarına köməyə gəldi. O, e.ə. 279-cu ildə Auskulun şəhəriyaxınlığındakı döyüşdə böyük itki bahasına romalılara qalib gəldi. Pirr bu döyüşdən sonra demişdi: «Bir də belə qələbə olsa, mən qoşunsuz qalaram». «Pirr qələbəsi» ifadəsi buradan əmələ gəlmişdir və məğlubiyyətə bərabər qələbə deməkdir. Romalılar İtaliyada olan bütün yunan koloniyalarını ələ keçirdilər. 200 ildən çox davam edən bu müharibə e.ə. III əsrin birinci yarısında İtaliyanın işğalının başa çatması ilə nəticələndi. Roma senatı itaət altına alınmış xalqların Roma əleyhinə birləşməsinə yol verməmək üçün onların arasında ədavət salmağa cəhd edir və «Parçala, hökmranlıq et» prinsipini əsas tuturdu. Roma torpaqları Siciliya adasına çatdı və Roma burada Karfagenlə toqquşdu. Mənbə. kayzen.az
568 Views