Qalileo Qaliley kimdir

Qalileo Qaliley kimdir

Qaliley Qalileo (15.2.1564 -8.1.1642)

Qaliley zəmanəsinin ən qabaqcıl şəxsiyyətlərindən olub, mütərəqqi ideyaların yaranmasına təkan verən, elmi dindən ayıran, köhnəliyə qarşı mübariz olan, insanların gələcəyi üçün yeni-yeni yollar açan alim olmuşdur. Elmin korifeyi olan Qaliley klassik fizikanın əsas banilərindən biri, astronom, riyaziyyatçı, Kopernikin dünya sistemini müdafiə edərək inkişaf etdirən, Ptolomeyin yanlış geosentrik sistemini ifşa edən, materiya və hərəkətin əbədiliyini əsaslandıran, Aristotel fizikasının səhvlərini aşkar edən, böyük alim, mütəfəkkir və ədibdir. O, təcrübi fizikanın əsasını qoymuş, elmdə eksperimental tədqiqat üsulu tətbiq etmişdir. Qaliley Qalileo 1564-cü il fevral ayının 15-də İtaliyanın Pize şəhərində musiqiçi ailəsində anadan olmuşdur. 11 yaşına qədər məktəbdə oxuduqdan sonra Qaliley ailəsi ilə birlikdə Florensiyaya köçmüş və burada monastıra verilmişdir. Qaliley 1581-ei ildə Piza universitetinə daxil olub təbabət elmini öyrənməyə başlamışdır. Buraya o, atasının təkidi ilə getmişdir. Çünki atasının məqsədi onu həkim etmək idi. Lakin Qaliley Evklidin, Arximedin əsərlərini oxumuşdur, ona görə onun ən çox marağı riyaziyyat və mexanika sahələrinə idi. O, universitetdə bir az oxuduqdan sonra atasının razılığı ilə buranı tərk edib Florensiyaya ge­dir. Orada fizika və riyaziyyat elmlərini öyrənməyə başlayır. Tələbəlik illərində Qaliley böyük elmi və praktik əhəmiyyəti olan rəqqasın rəqsinin izoxronluq qanununu kəşf edir. Qaliley öz müəllimi Ostilio Riccinin rəhbərliyi ilə riya­ziyyat və mexanikanı öyrənməklə kifayətlənməyib, mexani­kanın texniki tətbiqlərini, hətta hərbi-mühəndislik işlərini də öyrənmiş və Florensiyada qalaların tikilməsi, su kəmərlərinin çəkilməsi, çayların tənzim edilməsi və s. işləri müşahidə etmişdir. Deyilənlərə görə, kilsədə ibadət zamanı tavandan asılmış iki çilçırağın yellənməsini müşahidə edərkən Qaliley, rəqqasın periodunun amplitud və kütlədən asılı olmadığını müəyyən etmişdir. Qaliley fitri istedadın əsasında Aristotel fizikasının səhv­lərini göstərmiş, təbiət elmlərinin yeni təməlini qurmuş, onun gizli sirlərini açaraq, cəmiyyətin materialist dünya görüşünün inkişafına böyük təkan vermişdir. Qaliley Kopernikin nəzəriyyəsi və dünyagörüşü ilə tanış olduqdan sonra nəinki onun tərəfdarı olmuş, hətta onun doğruluğunu təcrübədə sübut etməyə çalışmışdır. 1608-ci ildə teleskopun hollandiyalılar /Z.Yansen, Y.Metsius və Q.Lippersqey/ tərəfindən ixtira olunması xəbəri hər tərəfə böyük sürətlə yayıldı. Bu xəbəri eşidən Qaliley 1609-cu ildə müstəqil olaraq öz teleskopunu hazırlamışdır. Onun ilk teleskopu 3 dəfə böyüdürdü. Tezliklə o, bu böyütməni 32 dəfəyə çatdırmışdır. Qaliley fikirləşirdi ki, ruhanilərdən gizlin olaraq, gecə öz borusunu səmaya yönəltsə necə olar? Bu olduqca qorxulu və cəsarətli addım idi. Çünki, ruhanilər təlqin edirdilər ki, adamlar «allahın işlərinə» nəzər yetirməməlidirlər. Qaliley ilk dəfə öz astronomik borusunu 1610-cu ilin yanvar ayının 7-də gecə Aya tərəf yönəldir. Ayda dağların, Kraterlərin olmasını görür. Ay səthinin mahiyyət etibarı ilə Yerə oxşar olması fikrini söyləyir. Bu isə din əleyhinə atılmış ən cəsarətli addım idi. Bundan sonra edilmiş başqa astronomik kəşflər elm xəzinəsinə daxil edilən qiymətli hədiyyələr olmaqla bərabər həm də Ptolomey sisteminə və onun doğruluğunu rəsmən təsdiq etmiş olan kilsəyə, məscidə, dinə, bütün mövhumata və xurafata endirilən ağır bir zərbədir. Bundan başqa Qaliley Yupiterin ətrafında fırlanan dörd peyki kəşf edib, Veneranın fazalarını, Ağ yolun ulduzlardan ibarət olduğunu müəyyənləşdirdi. Gündüz isə Qaliley hislə qaraldılmış şüşə vasitəsilə Günəşə baxaraq Günəşdə ləkələr olduğunu və ləkələrin hərəkətinə görə Günəş diskinin fırlandığını müəyyən etmişdir. 1607-ci ildə Qaliley dünyada ilk dəfə olaraq işıq sürətini təyin etmək üçün "təşəbbüs göstərmişdir. Lakin zaman fasiləsini dəqiq ölçə bilmədiyindən düzgün nəticə almamışdır. Qaliley şüşələrin cilalanması ilə məşğul olmuş, müxtəlif əyrilikli linzalar hazırlamışdır. Qaliley həm həndəsi optikanın, həm də fiziki optikanın bəzi məsələləri ilə məşğul olmuş, ömrünün 15 ilini boloniya daşının fosforessensiyasının tədqiqinə sərf etmişdir. O, Bolo­niya şəhərinin yaxınlığındakı dağdan tapılmış işıldayan bo­loniya daşını 1611-ci ildə Romada çağırılmış müşavirədə nümayiş etdirərək, onun işıldamasının səbəbini belə izah etmişdir: Boloniya daşı qızdırıldıqda və Günəş işığı ilə işıqlandırıldıqda o işıq atomlarını udub, özündə saxlayır və sonra yavaş-yavaş şüalanmağa başlayır. Qalileyin bu nöqteyi-nəzəri onun işığın təbiəti haqqındakı fikrinə və eləcə də enerjinin saxlanması mülahizələrinə tamamilə uyğundur. 1597-ci ildə Qaliley ilk termometr hesab edilən termoskopu qurmuşdur ki, istilik hadisələrini öyrənməkdə cihazın böyük rolu olmuşdur. Akustika bir elm kimi Qalileylə başlayır. O, eksperimental üsulla səs hadisələrini öyrənən birinci fizikdir. Qaliley öyrənir ki, səs tonunun yüksəkliyi yalnız mənbəyin rəqs tezliyindən asılıdır. Qalileyin mexanikaya aid kəşfləri içərisində ətalət qanunu, nisbilik prinsipi, sərbəst düşmə qanunları, mail müstəvidə düşmə, rəqqasın hərəkəti, üfüqə paralel və üfüqə bucaq altında atılmış cismin hərəkəti, mühitin müqaviməti, zərbə və s. göstərmək olar. Qaliley zamanı ölçmək üçün rəqqasdan istifadə etmişdir. Qeyd etmək lazımdır ki, Aristotel tərəfindən kəşf edilmiş: «Cisim qiymət və istiqaməti sabit olan qüvvənin təsiri altında düz xətt boyunca bərabər sürətli hərəkət edir» kimi səhv nəzəriyyə Qalileyə qədər elmdə «həqiqət» kimi qəbul edilmişdir. Qaliley bu səhvi düzəltdi və göstərdi ki, cisim qiymət və istiqamətcə sabit olan qüvvənin təsiri altında düz xətt boyunca bərabərartan hərəkət edir və belə bir qüvvə cismə təsir etmədikdə cisim düz xətt boyunca bərabərsürətli hərəkət edir. Bu, hərəkətin birinci qanunu olub «Ətalət» qanunu adı ilə məşhurdur. Qaliley isbat etmişdir ki, havanın müqaviməti olmadıqda bütün cisimlər kütlələrindən asılı olmayaraq eyni sürətlə düşür və bərabəryeyinləşən hərəkət edirlər. O, öyrənmişdir ki, sərbəst düşmədə cismə sabit qüvvə /cazibə qüvvəsi/ təsir etdiyindən cisim şaquli istiqamətdə bərabərartan sürətlə hərəkət edir. Dahi alim bu kəşflərlə yanaşı hərəkətin nisbilik prinsipini də kəşf etmişdir. 1632-ci ildə Qalileyin «Dünyanın iki əsas sistemi - Ptolemey və Kopernik sistemləri haqqında söhbət» əsəri çapdan çıxır. Bu kitab üç venetsiyalının /Salviati, Saqredo və Simpliçio/ söhbəti şəklində yazılmışdır. Salviati öz söhbətində Qa­lileyin görüşlərini ifadə edir; Saqredo canıyananlıq edir. Simpliçio isə Ptolemey və Aristotelin nüfuzunu müdafiə etməklə, Aristotel fəlsəfəsi tərəfdarlarının görüşlərini ifadə edir. Bu kitabın yazılmasına görə Qaliley kilsə tərəfindən təqib olunmuşdur. Aristotel belə hesab edib ki, cisim sabit qüvvənin təsiri ilə hərəkət etdikdə getdiyi yol zamanla düz mütənasib olmalıdır. Lakin Qaliley isbat edir ki, bu hərəkət təcilli olduğundan, gedilən yol, həmin yola sərf olunan zamanın kvadratı ilə mütənasibdir: Qaliley əvvəllər vaxtı nəbzin vurması ilə ölçürmüş, sonralar isə rəqqasdan istifadə etmişdir. Rəqqaslı saatı ilk dəfə 1649-cu ildə onun oğlu Vinçes Qaliley qurub düzəltmişdir. Aristotelə görə cismin düşmə sürəti onun çəkisi ilə düz mütənasibdir. Bunun əksinə olaraq Qaliley isbat etmişdir ki, sərbəstdüşmədə sürət cismin çəkisindən asılı deyildir. Bunu isbat etmək üçün Maili Piza qülləsinin başından çəkiləri müxtəlif olan iki cisim salınmaqla təcrübə aparılır və bu təcrübədə Qalileyin nəzəriyyəsi özünü doğruldur. 1633-cü ildə Qaliley Kopernikçilikdə və allahsızlıqda təqsirləndirilərək İnkvizisiya məhkəməsinə cəlb edilir. Məhkəmədə əsərlərinin yandırılması və tutduğu yoldan əl çəkmədikdə ölüm cəzası ilə hədələnərək «tövbə etməyə» məcbur edilmişdir. Lakin belə rəvayət var ki, Qaliley məhkəmə qurtardıqdan sonra «onsuzda o fırlanır» demişdir. /Burada O, yerin fırlanmasını nəzərdə tuturdu/. Məhkəmədən sonra yenə də qoca alim elmi yaradıcılıqdan əl çəkməmiş və öz ideyasını dəyişməmişdir. O, 1642-ci il yanvar ayının 8-də Florensiya yaxınlığında Arçetridə vəfat etmişdir. Mənbə. Fərhad Hacıyev Görkəmli fiziklər kitab. Qaynaq. kayzen.az
568 Views