Barcelona və Argentina ulduzu Messi dünyada ən yaxşı futbolçuya verilən Ballon d’Or mükafatına 5-ci dəfə sahib olub.
Belə bir nəticəyə hələlik heç kim yaxın düşə bilməyib. Onda, deməli, belə çıxır ki, o dünyada ən yaxşı futbolçudur?
BƏLİ
Öz klubuna verdiyi töhfə baxımından Messi həqiqətən də heyrətamizdir.
Onun Ballon d’Or mükafatını beşinci dəfə alması o deməkdir ki, Messi mövsümdən-mövsümə ən məhsuldar futbolçu olub.
O artıq bir onillikdən də çox müddətdə elitar oyunçular arasındadır. Messi Çempionlar Liqası matçında Çhelsea-ni təkbaşına darmadağın edəndə hələ 17 yaşı olmamışdı.
Lakin buna baxmayaraq, onun ən heyrətamiz xüsusiyyəti davamlılığıdır. Belə davamlılıq onun həmvətəni, Dünyanın Ən Böyük Oyunçusu tituluna iki namizəddən biri olan Diego Maradonada da olmayıb.
İlk dəfə 2007-ci ildə Ballon d’Or mükafatına nominasiya ediləndə, Messi, Manchester United-in oyunçusu Cristiano Ronaldo və qalib Kakadan sonra (Milan) yalnız üçüncü ola bilmişdi. Bu, Messi və ya Ronaldonun bu mükafatı ala bilmədiyi sonuncu dəfə idi.
Lakin bir vaxtlar parlayan Kakanın Amerikanın MLS liqasında it-bata düşdüyü bir vaxtda, Messi bir mükəmməl mövsümdən digər mükəmməl mövsümə adlayırdı.
Onun hələ heç 30 yaşı da yoxdur, amma o artıq 25 yaşından Barcelona-nın bütün zamanlarda ən çox qol vuran oyunçusu sayılır.
Hazırda o, La Liga-da ən çox qol, mövsümdə ən çox qol (50), təqvim ilində ən çox qol (91), Çempionlar Liqası matçında ən çox qol (5) və Çempionlar Liqasının əksər zamanlarında ən çox qol (5) kimi rekordların sahibidir.
Bütün bunlar onun həqiqətən də, nə dərəcədə güclü futbolçu olmasının göstəricisidir. Çünki hazırda Çempionlar Liqasında bu göstəricilərə nail olmaq, əvvəlki zamanlardan qat-qat çətindir.
Messinin sələfləri bu mükafatı almaq üçün, xüsusilə də Dünya Çempionatı olmayan illərdə, Avropa Kubokunun əldə edilməsi yolunda bir və iki yaxşı oyun göstərməliydilər. Çünki turnir “uduzan çıxır” prinsipi ilə keçirilirdi və yalnız liqa çempionları namizəd göstərilə bilərdilər.
İndi isə Çempionlar Liqasında qalib gəlmək istəyən komanda İngiltərə, Almaniya, İtaliya, Fransa, İspaniya və Hollandiyanın ən yaxşı klubları ilə qarşılaşmalı olur.
Və belə bir şəraitdə Messi elə hey qollar vurur. Özü də bunu sadə bir təbəssümlə, elə təmkinlə edir ki, onu dünyanın ən böyük futbolçusu titulu uğrunda mübarizədə əsas rəqibi Cristiano Ronaldodan fərqli olaraq azarkeşlərə sevdirir.
XEYR
“Kim ən böyükdür” sualının yanında, həmişə “nə dərəcədə” sualı da gəlir.
Amma bu şübhəsizdir ki, indiyədək dünyanın ən böyük futbolçusu kimi tanınan iki futbolçu – Pele və Maradona töhfələrini öz ölkələrinə veriblər.
Elə təkcə Pelenin Dünya Kubokunu üç dəfə alması onu statistik baxımdan bütün əfsanələrdən ucada saxlayır.
Onun 1368 oyunda 1281 qol vurması bütün zamanların üçüncü ən yüksək göstərici olsa da, güclü dəlil sayıla bilər.
Hərçənd bütün bu nailiyyətləri əldə etmək üçün, bu oyunçulardan heç biri Messinin hər həftə üzləşdiyi çətinliklərlə qarşılaşmayıblar.
Maradona yalnız 1 dəfə, 1986-cı ildə Dünya Kubokunun qalibi olsa da, bunu demək olar ki, təkbaşına bacarıb. Onun yarımfinalda İngiltərənin qapısına vurduğu ikinci qolu mükəmməl futbolun 10 saniyəsi hesab etmək olar.
O eyni səyi klub səviyyəsində də gerçəkləşdirib. İtaliyanın Napoli klubuna onun malik olduğu bütün titulları – 1987 və 1990 illərin ölkə çempionu titullarını və 1989-cu ildə UEFA Kubokunu məhz o qazandırıb.
Messi isə öz bəxtindən dünyanın futbol nəhənglərindən ibarət ulduzlar pleyasdasında – Iniesta, Xavi, Luis Suarez və Neymarla yanaşı oynayıb.
Bu yaxınlarda Messi iki ay müddətində zədəli olarkən, komanda sadəcə olaraq ortalığa Neymarı çıxardı və onlar qalib gəlməkdə davam etdilər.
Lakin futbolda ən zəhlətökən bir irad da var ki, Messi hələlik öz klubu üçün etdiklərini, ölkəsi üçün edə bilməyib. Nə qədər “zəhlətökən” olsa da, bu halda düzgün iraddır.
Argentina Dünya Kuboku və Copa America turnirlərində uğurlar qazanmaq üçün Messiyə güvənir, amma bu gözləntilər çox nadir hallarda gerçəkləşir.
Onun vurduğu qollar Argentinanın 2014-cü il Dünya Çempionatının finalına çatmasında mühüm rol oynamışdı, lakin Messi final matçının özündə - Almaniya ilə qarşılaşmada sakit idi, sanki tilsimlənmişdi və komandasını irəli çıxarmaq üçün real imkanı bada vermişdi.
Bu da qeyd edilməlidir ki, nə Pele, nə də Maradona öz vaxtlarında Ballon d’Or ala bilməyiblər, çünki əvvəlki qaydalar bu mükafatın yalnız Avropa oyunçusuna verilməsini nəzərdə tuturdu. Odur ki, bu oyunçular arasında birbaşa müqayisə aparmaq ədalətsizlik olardı.
Mənbə. bbc.com istinadən götürülmüş məqalədir