Quran məsəllərindən nümunələr (Ayələrin təfsiri)

Quran məsəllərindən nümunələr (Ayələrin təfsiri)

Allah-Taala Qurani-Kərimin “İbrahim” surəsinin 18-ci ayəsində buyurur:

“Rəbbini inkar edənlərin (dünyadakı yaxşı) əməlləri tufanlı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri əməllərdən heç bir fayda əldə edə bilməzlər. Budur həmin uzun-uzadı zəlalət!”

Ayənin təfsiri

Kafir və müşriklərin əməlləri iki qismə bölünür: 1. Bütlərə və qondarma tanrılara görə yerinə yetirilən əməllər; 2. Yaşadıqları dövrlə əlaqədar günlərini başa vurduqları əməllər. Qurani-Kərim onların gördükləri iş və əməllərlə bağlı bir misal çəkir: Əkinçi sahəni gübrələmək məqsədilə açıq havada həmin sahaəyə kül səpsə də, şiddətli külək əsərək onu havaya sovuracaq: “Onların əməlləri tufanlı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri əməllərdən heç bir fayda əldə edə bilməzlər!” Onlar öz zəhmətindən bəhrələnməyən əkinçi kimi qiyamət günü əliboş qalacaqlar. İslamın tərbiyəvi məktəbində əməl iki şərtlə qəbul edilir: 1. Əməlin gözəlliyi; 2. Niyyətin gözəlliyi. Hərçənd, Allahı inkar edənlərin əməlləri, bəzən, birinci şərtlə uyğun gəlsə də, niyyətlərinə görə onlara qiymət verilməyəcək. İslama görə, əməli və niyyəti yaxşı olanlar xeyirxah adlanır. Burada İslam dünyagörüşü ilə digər dünyagörüşləri hədsiz dərəcədə fərqlənir. Adətən, qərb məktəblərində insanlar niyyətləri ilə deyil, əməlləri ilə qiymətləndirilir. İslam isə əməli məqsəd və niyyətdən ayırmır. Peyğəmbərin (s) dövründə Məkkə müşrikləri “Məscidül-Haram”ı təmir edirlər. Qurani-Kərim isə onların əməllərini dəyərsiz sayaraq, məscidləri təmir etməyə layiq olmadıqlarını bildirir: “Müşriklərə öz küfrlərinə şahid olduqları halda Allahın məscidlərini abadlaşdırmaq yaraşmaz (onların bu işə haqları yoxdur). Onların əməlləri puçdur və odda əbədi qalacaqlar.” (“Tövbə” surəsi, ayə 17.) Bu ayədə müşriklərin yaxşı işləri, hətta “Məscidül-Haram”ı təmir etmələri belə küfrlərinə görə puç hesab edilir. Çünki bu işin zahiri yaxşı, batini çirkindir. Onlar Allahın evini əlləri ilə yonduqları bütlərə görə təmir edirdilər. Odur ki, növbəti ayədə Allahın məscidlərinin təmiri Ona iman gətirib yaxşı işlər görənlər və yalnız ilahi məqsəd güdənlərə tapşırılır: “Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər. Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər!” (“Tövbə” surəsi, ayə 18.) Keçən ayədə Allaha küfr edənlərin hidayəti qəti şəkildə rədd edilsə də, onlara ömürlərinin sonuna qədər möhlət verilir. Onlar ömürlərinin sonuna qədər şeytani vəsvəsələrə uyaraq, elə əyri yolda qalacaq və əməlləri də kül kimi sovrulub puça çıxacaqdır. Bəli, ola bilər, Allahı qəbul edib şəriətini rədd edən xristian kafirlərin yaxşı əməlləri əzablarını yüngülləşdirsin. Çünki bəzi rəvayətlərdən anlaşılır ki, belə kafirlərin yaxşı işləri faydasız deyildir. Necə ki, Qurani-Kərimdə buyurulur: “...Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz!” (“Tövbə” surəsi, ayə 120; (“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 22-ci məsəl.) Mənbə. Maide.az -Maarif bölümü
568 Views