Hamiləlik əleyhinə həblər

Hamiləlik əleyhinə həblər

Elə qadınlar var ki, onlara ən müasir kontraseptivlər belə qəbul etmək olmaz. İki qadın hormonu - estrogen və progesterondan ibarət olan birləşdirilmiş hormonal preparatların qəbuluna daha çox qadağa şamil olunur. Damarlarında ciddi problemlər  mövcud olan şəxslərə (venaların varikoz genişlənməsi, miqrenlər, hipertoniya və ya ağır ürək xəstəlikləri) bu preparatların köməyi ilə hamiləlikdən qorunmaq və ya müalicə olunmaq olmaz. Trombların əmələ gəlməsinə meylli və ya qanın laxtalanma sistemi pozulmuş insanlara hormonal həblər qəbul etmək qəti qadağandır. Qaraciyər, böyrəklərin kəskin və xroniki xəstəlikləri və şəkərli diabet də kontraseptivlərdən istifadə etməyə imkan vermir. Hormonlar problemli qaraciyəri yükləyir və ödün qatılaşmasına səbəb olur. Böyrəklər xəstə olduqda, hormonlar orqanizmdən çox ləng və pis xaric olunur və onların əks təsiri cəmlənir. Süd vəziləri, yumurtalıq və endometriumun hormon asılı şişləri zamanı da bu preparatları qəbul etməkdən çəkinin. İlk günlərdə qeyri-adi baş və ya ürək ağrıları əmələ gəldikdə, arterial və kəllədaxili təzyiq artdıqda, görmə və eşitmə qabiliyyəti kəskin zəiflədikdə, həblərin qəbulunu dərhal dayandırın. Sarılıq inkişaf etdikdə, güclü qaşınma əmələ gəldikdə, epileptik tutmalar tezləşdikdə də həblərdən imtina edin.

Uşaqliqdaxili vasitələr

Uşaqlıqdaxili vasitələr yalnız hamiləliyin qarşısını almaq məqsədi ilə istifadə olunur. Spiralların heç bir müalicəvi dəyəri yoxdur. Uşaqlıqdaxili spiralların bir neçə çatışmayan cəhətləri mövcuddur. İlk növbədə etibarlılığı yüz faiz deyil, 70-75 faizdir. İkincisi, uşaqlıq boşluğunun daimi "aralı" qalması infeksiya üçün birbaşa yoldur. Hətta köməksiz uşaqlığı "çağırılmamış mikrob-qonaqlar"dan müdafiə etmək üçün nəzərdə tutulmuş mis və ya gümüş məftilciklər belə heç də hər zaman yardım etmir. uşaqlıqdaxili vasitəUşaqlıq daxilində yerləşmiş yad cisim eyni zamanda bol, davamlı və çox ağrılı menstruasiyalara səbəb olur. Aybaşı zamanı uşaqlıqdan xaric olunan qan təbiətin fikirləşdiyi kimi deyil, qarın boşluğu tərəfə axmağa başlayır. Bu da, uşaqlıqdan kənar hamiləlik, endometrioza səbəb ola bilər. Spiralın "ayaqcıq”larının uşaqlıq divarına dirəndiyi yerlərdə qan dövranı azalır, bu isə miomatoz düyünün əmələ gəlməsi üçün ideal şəraitdir. Yəqin məlumdur ki, spiralı olan qadınlarda uşaqlıqdan kənar hamiləliklərin faizi başqa qadınlardan 4 dəfə artıqdır. Bəzi xəstəliklər zamanı spiraldan istifadə etmək ümumiyyətlə qadağandır. Bu, uşaqlıq boyu eroziyası, uşaqlıq və artımların xroniki infeksiyaları, uşaqlıq cismi və boynunun bəd xassəli şişləri, endometriumun iltihabıdır. Uşaqlıq boynunun çapıq deformasiyası olan qadınlarda isə doğuşdan sonra spiral ümumiyyətlə qalmır. Son zamanlarda hormonal uşaqlıqdaxili vasitələr də əmələ gəlmişdir. Onlar adi spiralların analoqudur. Hər gün spiraldan kiçik dozada hormon ifraz olunaraq, mayalanmanın qarşısını alır. Hormonlar qan axınına daxil olmur, bu səbəbdən də belə spirallar hormonal həblərə xas olan bəzi əks təsirlərdən məhrumdur. Bununla belə, hormonal spirallar da bir sıra çatışmazlıqlara malikdir. Onlar menstrual dövrdə pozuntular törədə bilər. Və yalnız hormonal spiral xaric olunduqdan yarım il sonra 50% qadınlarda uşaq doğma qabiliyyəti bərpa olunur. Hər halda, üstünlüyü hormonal həblərə vermək məsləhətdir.

Kimyəvi kontraseptivlər

Bu vasitələrin tərkibində həm spermatozoidləri, həm də, demək olar ki, bütün zərərli bakteriya və virusları zərərsizləşdirən maddə olan spermisidlər mövcuddur. Onlar vaginal şamlar, kremlər və tamponlar formasında təmsil olunmuşlar və beləliklə, yerli üsul ilə istifadə olunur. Kimyəvi kontrasepsiyanı uşaqlıqdaxili və hormonal vasitələrin tətbiqi göstəriş olmayan, təzə doğmuş və uşaq əmizdirən qadınlar istifadə edə bilər. Hamilə qadınlar üçün isə belə "kimya" əks-göstərişdir. Kifayət qədər yumşaq olan kimyəvi kontrasepsiyanın öz nöqsanları da var. "Farmateks", "Patenteks-Oval", "Sterilin" kremləri arzuolunmaz hamiləlikdən tam qorumur. Xüsusən də, menstrual dövrənin ortasına yaxın və ovulyasiya zamanı. Bu kremlər sabun ilə təmasdan sonra aktivliyini itirir və ümumiyyətlə uzun müddətli təsirə malik deyil. Təkrar yaxınlıq zamanı yenidən vasitədən istifadə etmək lazım olur. Kimyəvi kontraseptivlərdən tez-tez istifadə etdikdə, təbii uşaqlıq yolu mikroflorası pozula bilər. Antiseptikin təsiri altında faydalı bakteriyalar zərərlilər ilə birlikdə məhv olur. Və nəticədə xoşagəlməz bir hal - yerli disbakterioz inkişaf edə bilər. Xarici cinsiyyət orqanlarının kəskin iltihabı xəstəlikləri olan qadınlara bu kontraseptivlərdən heç istifadə etmək olmaz əvvəlcə müalicə olunmaq lazımdır.

Hormonal iynələr

Depo Provera hormonal iynəsiHormonal inyeksiyalar, misal üçün, Depo-Provera, uzun müddətli kontrasepsiya vasitəsidir. Onlar yalnız doğmuş və ya yetkin yaşlı qadınlar üçün nəzərdə tutulub. Preparatın inyeksiyası tərkibində levonorgestrel hormonu mövcuddur. O, tədricən azad olunaraq, qanda preparatın daimi qatılığını qoruyub saxlayır. İnyeksiyaların kontraseptiv effekti bundan ibarətdir. Bu üsulun əsas üstünlüyü ondan ibarətdir ki, qadın hər gün eyni vaxtda hormonal həbləri qəbul etmək məcburiyyətində deyil. Əsas odur ki, 2-3 ayda bir dəfə həkimə müraciət etməyi və iynə vurdurmağı unutmayasınız. Lakin menstrual dövrəsi tam formalaşmamış cavan qızlara və 40 yaşından yuxarı qadınlara belə inyeksiyalar vurmaq olmaz. Axı, onlar yumurtalıqların funksiyasını boğur və menstruasiyalar, demək olar ki, kəsilir. Yaşından asılı olmayaraq, hələ doğmamış qadınlara da risk etmək olmaz. Eləcə də, uşaqlıqdan kənar hamiləliyi olmuş qadınlara, çünki bu hadisənin təkrarlanması riski mövcuddur.

Hormonal implantantlar

Hormonal implantatları artıq uşaq doğmağı planlaşdırmayan qadınlar istifadə edir. Hormon tərkibli kapsullar cərrah tərəfindən dərinin altına tikilir. Hormonlar kapsulun divarından müntəzəm şəkildə azad olunur və qan dövranına daxil olur. Hormonal həblərdə olduğu kimi, bu kontrasepsiya üsulu qan xəstəlikləri, qaraciyərin kəskin xəstəlikləri, vena və arteriyaların trombozu, süd vəzi xərçəngi xəstəliklərinə ziddir. Hormonal implantatları cavan, doğmamış qadınlara qətiyyən istifadə etmək olmaz. Onlarda menstrual funksiyanın və nəticədə, uşaq doğmaq qabiliyyətinin bərpa olunmayacağı riski çox yüksəkdir. Beləliklə, ideal kontraseptiv mövcud deyil. Əgər biz qadının fizioloji xüsusiyyəti olan hamiləliyin qarşısını alırıqsa, mütləq əks-təsirlər olacaqdır. Onları minimuma endirmək üçün kontraseptivləri yaxşı həkim ilə birlikdə seçin. Qeyd. Həkimlərin nəzarəti olmadan heç nə qəbul etməyin Mənbə. Kayzen.az saytından götürülmüş bir məqalədir.
568 Views