Ağqoyunlu hökümdarı Uzun Həsən kimdir?

Ağqoyunlu hökümdarı Uzun Həsən kimdir?

Həyatı Həsən bəy Bayandur 1423-cü ildə anadan olmuşdur. Əli bəy ibn Osman bəyin oğlu, Qara Yuluq Osman bəyin nəvəsidir. Kitab-i Diyarbəkriyyə kitabında babası Osman bəydən başlamaqla Bayandur xanın Uzun Həsənin 52-ci babası olması göstərilir. Uzun Həsənin uşaqlıq və gənclik illəri barədə heç nə məlum deyil. Bircə onu ehtimal etmək olar ki, o, yaxşı təhsil almış və yenicə yaranan Ağqoyunlu dövlətinin hərbi təlimlərində iştirak etmişdir. Uzun Həsənin sarayında səfir olmuş Venesiya diplomatı Ambrozio Kontarini Uzun Həsən haqqında o yazır: "Uzun Həsən çox yeyir, az qala fasiləsiz olaraq şərab içir və öz qonaqlarına qulluq etməyi sevir. Onun yanında həmişə rəqqasələr və müğənnilər olur. Onlar onun əmri ilə oxuyub-oynayırlar. Ümumiyyətlə, o, şən xasiyyətli, arıq, ucaboy, qırmızısifət bir kişidir və üzündə tatar cizgiləri var." Hakimiyyət uğrunda mübarizə 1453-cü il yanvarın 16-da Diyarbəkirə daxil olan Uzun Həsən qardaşı Cahangir Mirzənin qüvvələrini dağıtdı. Cahangir Mirzə Mardinə qaçdı, sonralar ağqoyunluların əsas rəqibi olan Qaraqoyunlu Cahanşahla ittifaqa girdi. Uzun Həsən qaraqoyunlulara qarşı mübarizə aparmaq üçün ciddi tədbirlər gördü. XV əsrin əvvəllərində Ağqoyunlu tayfaları Qaraqoyunlu dövlətinin tərkibində idilər. Qaraqoyunlu dövlətinin daxili vəziyyətinin pisləşməsindən istifadə edən ağqoyunlu tayfalarının başçısı Uzun Həsən 1467-ci ildə Muş döyüşündə Cahanşahın başçılıq etdiyi Qaraqoyunlu qoşunlarını məğlubiyyətə uğratdı, Cahanşah Həqiqi öldürüldü, Uzun Həsən qələbəsini rəqiblərinə bildirmək məqsədilə Cahanşahın kəsilmiş başını Herata - Teymuri Əbu Səidə, oğlu Həsənəlinin başını isə İstanbula - II Mehmedə göndərdi. 1468-ci ildə Uzun Həsən heç bir çətinlik çəkmədən Azərbaycanın cənubunu və Qarabağı tutdu. Qaraqoyunluların xeyli hissəsi ağqoyunlularla birləşdi. Təbriz Ağqoyunlu dövlətinin paytaxtı oldu. Beləliklə, Qaraqoyunlu dövləti süquta uğradı, Ağqoyunlu dövləti onu əvəz etdi. Hakimiyyəti Trabzon məsələsi Hər tərəfdən düşmənlərlə əhatə olunmuş bu kiçik dövlətin başçısı öz müttəfiqlərini Osmanlı imperiyasının Avropaya doğru genişlənməsindən qorxuya düşən qərb dövlətləri arasında axtarır. Uzun Həsən öz müşavirləri vasitəsilə bir neçə Avropa ölkəsi ilə ona odlu silah yardımı göstərilməsi barədə danışıqlar aparır. Həmin yardım Qara dəniz və Aralıq dənizi vasitəsilə Uzun Həsənin müttəfiqi, Ağqoyunlu tayfaları ilə qədimdən əməkdaşlıq edən və Qaraman bəyliyinin qərb sərhədlərində yerləşən yunan Trapezund imperiyası üzərindən keçib gəlməli idi. Osmanlılar bunun qarşısını almaq istəyir və 1453-cü ildə Fateh II Mehmet tərəfindən Konstantinopol işğal olunduqdan sonra Trapezund imperiyasını məhv etmək qərarına gəlirlər. Uzun Həsən buna mane olmaq istəsə də, Osmanlı qoşunlarının Ağqoyunlu ərazisinə müdaxiləsi onu məcbur edir ki, sülh xahişi ilə onlara müraciət etsin. Osmanlıların Yastıçəmən yaylağında yerləşən düşərgəsinə Uzun Həsənin anası Sara xatunun başçılığı ilə elçilər yollanır. Sara xatun mahir bir diplomat kimi öz ölkəsindən çox-çox uzaqlarda da tanınmışdı. O, bu dəfə də öz vəzifəsinin öhdəsindən gəlir - sülh bağlanır. Bu sülhün şərtlərinə görə, Uzun Həsən osmanlıların Trapezundu işğal etməsinə mane olmamalı, osmanlılar isə onun dövlətinin ərazisindən çıxmalı idilər. Uzun Həsəni neytrallaşdırmaq üçün II Mehmet Trapezund üzərinə hücuma keçərkən Sara xatunu və onun başçılıq etdiyi heyəti də özü ilə götürür. 1461-ci il oktyabrın 26-da Trapezundun mühasirəsi qələbə ilə nəticələnir. Sara xatun sultanı inandıra bilir ki, Trapezund çarlığının xəzinəsindəki sərvətin bir hissəsi onun gəlini Dəspinə xatuna çatmalıdır və həmin iri məbləği də götürüb, özü ilə vətənə aparır. Ağqoyunlu dövləti Qara dənizdən keçən ənənəvi ticarət yolunu itirmiş olur. Bundan sonra osmanlılar Uzun Həsənin digər bir müttəfiqini - Qaraman bəyliyini də tutub, onu faktiki olaraq Aralıq dənizinə çıxışdan da məhrum edirlər. Qaraqoyunluların məğlub edilməsi Osmanlılar Qaraqoyunlu Cahanşah Həqiqini və teymurilərdən olan Əbu Səidi Uzun Həsənlə mübarizəyə təhrik edirlər. 1467-ci ildə bütün bunların nəticəsində Cahanşah Təbrizdən öz qoşunu ilə Diyarbəkirə tərəf hərəkət edir. Osmanlı sultanı II Mehmet oğlu şahzadə Bayazidi ona köməyə göndərəcəyini vəd edir. Düşmənin planlarından xəbər tutan Uzun Həsən gözlənilmədən Muş düzündə onların qarşısına (Muş döyüşü) çıxır. Cahanşah məğlubiyyətə uğrayıb, geri çəkilir. Uzun Həsən onu təqib edərək, gecə düşmənin Ərzincan yaxınlığındakı düşərgəsinə hücum çəkir. Qaraqoyunlu ordusunun qalıqları məhv edilir, Cahanşah Həqiqi öldürülür. Bir müddətdən sonra Uzun Həsən Xoy şəhəri yaxınlığında Cahanşahın Qaraqoyunlu dövlətini bərpa etmək etmək istəyən oğlu Həsənəlini də məğlub edir. Uzun Həsən Cahanşahın başını onun müttəfiqi Əbu Səidə, Həsənəlinin başını isə sultan II Mehmetə göndərir. Teymurilərin məğlub edilməsi Cahanşahın süqutundan sonra teymuri Əbu Səid öz müttəfiqi Həsənəlini müdafiə etmək pərdəsi altında Azərbaycan üzərinə hücuma keçməyə hazırlaşmışdı. Hətta Sara xatunun sülh şərtləri ilə onun hüzuruna göndərilməsi də Əbu Səidi bu addımı atmaqdan çəkindirmədi. Keçmiş müttəfiqi şirvanşahın köməyinə bel bağlayan Əbu Səid Şirvana doğru hərəkət edir. Lakin Şirvanşah Fərrux Yasar Ərdəbil hakimi Şeyx Heydərlə birlikdə Uzun Həsənin tərəfinə keçir və Əbu Səidin qoşunları tamamilə blokadaya alınır. Orduda aclıq başlanır. Uzun Həsən Əbu Səidin danışıq təklifini qəbul etmir və gözlənilmədən düşmən qoşununa hücum çəkib, onu pərən-pərən salır. Bu döyüş tarixə Mahmudabad döyüşü kimi daxil olmuşdur. Əbu Səid qaçmağa cəhd göstərsə də, onu tutub edam edirlər. Həsənəli isə Uzun Həsənin oğlu Uğurlu Məhəmmədin əlində ölür. Ağqoyunlu imperiyasının yaranması Qaraqoyunlular dövləti süqut edir, Teymurilər dövləti isə həddən artıq zəifləyir. Uzun Həsən Azərbaycanın əsasında Qərbi İranın, İraqın, Ermənistanın, Kürdüstanın, Diyarbəkirin, Şərqi Gürcüstanın və digər kiçik dövlətlərin də daxil olduğu möhtəşəm bir dövlət qurur. Həmin dövlətin paytaxtı isə Azərbaycanın paytaxtı Təbriz olur. Ağqoyunlu dövlətinin tarixində yeni bir dönəm başlayır. Artıq onun bir, lakin çox güclü düşməni qalmışdır,bu, Osmanlı dövlətidir. Onunla mübarizə aparmaqdan ötrü isə köhnə metodlar keçmir. Bunun üçün ölkəni iqtisadi cəhətdən möhkəmləndirmək, ordunu yenidən təşkil etmək və güclü müttəfiqlər tapmaq lazımdır. Uzun Həsən özünəməxsus çeviklik və enerji ilə bu məsələlərin həllinə başlayır. Qeyd etmək lazımdır ki, o, bundan əvvəl də həmin istiqamətdə müəyyən işlər görmüşdü. İlk növbədə ölkə iqtisadiyyatının inkişafına təkan vermək üçün Uzun Həsən bir sıra islahatlar aparır ki, bunlar da öz əksini onun Qanunnaməsində tapmışdır. Sonralar bu toplu "Padşah Həsənin qanunları" adı ilə məşhurlaşır. Həmin qanunların həyata keçirilməsi nəticəsində vergilərin yığılması qanuniləşir və sistem şəklini alır, sənətkarlıq və ticarət inkişaf edir. Uzun Həsənin xəzinəsi dolur və Azərbaycanda möhtəşəm bir mərkəzləşdirilmiş dövlət yaranır. Ordusunun təkmilləşdirilməsi haqqında çox düşünən Uzun Həsən bu məqsədlə Avropadan mütəxəssislər çağırır və nizami ordu yaratmaq istəyir. Venesiya və başqa ölkələrdən gəlmiş mütəxəssislər odlu silah istehsal etmək üçün ona köməklik göstərirlər. Ölkədə top istehsalına başlanılır, topçu kadrlar hazırlanmasının əsası qoyulur. Lakin lazımi qədər top istehsal etmək Uzun Həsənə müyəssər olmur, topların qərbdən gətirilməsi işi isə müxtəlif səbəblər üzündən tez-tez pozulur. Uzun Həsən böyük tikinti işləri də aparır. O, Təbrizdə örtülü Qeysəriyyə bazarını, Nəsriyyə universiteti ilə birlikdə möhtəşəm məscid və digər ictimai binalar tikdirir. Uzun Həsənin sarayında alimlər məclisi fəaliyyət göstərir və zəngin kitabxana yaradılır. Kitabxanada çoxlu alim çalışır, onun nəzdindəki emalatxanalarda isə o dövrün ən görkəmli xəttat və rəssam-miniatürçüləri fəaliyyət göstərirdi. Sonralar, Səfəvi şahlarından İsmayıl və Təhmasibin zamanında həmin kitabxana genişlənir və daha da zənginləşdirilir. Sarayda saz çalanlar ansamblı yaradılmışdı ki, buraya da 98 aşıq daxil idi. Uzun Həsənin parlaq qələbələrindən sonra Ağqoyunlu dövlətinin nüfuzu artır. Uzun Həsən və onun mahir sərkərdələri olan Məhəmməd Bağır Mirzə, Mirzə Yusif xan, Uğurlu Məhəmməd, Zeynal bəy və başqalarının adları Azərbaycanın sərhədlərindən də çox-çox uzaqlarda məşhurlaşır. Uzun Həsənin özünü Əmir Teymur və Makedoniyalı İskəndərlə müqayisə edirlər. Uzun Həsənin müasiri Fəzlullah ibn-Ruzbihan Xunci yazırdı: "Xaqan əl-afaq, sahib-qıran, muin əl-xilafə vəs-səltənə Əbu-nəsr Həsən Bahadır xan Qaraqoyunluların cahan şahlığına son qoydu. Onlar dünyanın hakimiyyət düzündə alaq otları idi. O, Cahan şahın xəzinə alovundan şam yandırmaq istəyən oğlu Həsən Əliyə ölüm şərbətini daddırdı. Uzaq Otrar və Kaşğar vilayətlərindən yüz min döyüşçü ilə Qarabağ üzərinə hücuma gələn teymuri sultan Əbu Səidin yasəmən bağını qara bağa döndərdi. Beləliklə, cəmisi bir neçə il ərzində o, öz hakimiyyətinin sərhədlərini Fəratdan Amu-Dəryaya və Rumdan Ümman adalarına qədər genişləndirdi. Onun atlarının ayaqları altında gürcülərin torpaqları dəfələrlə tapdandı. O, öz bayrağını Ruma və Suriyaya qədər apardı. O, sərhədyanı torpaqlarını və yolları qoruyub müdafiə etdi və bununla da İslamın rəmzlərinə yeni can verdi. O, çox böyük səxavət göstərib, 400-dən artıq dini xeyriyyə idarəsi (zaviyə və ribat və xanəgah) yaratdı..." Uzun Həsənin islahatçılıq fəaliyyəti Uzun Həsən Quranı türk dilinə tərcümə etdirmişdir. Uzun Həsən hərbi-tayfa əyanlarının separatizmini zəiflətmək, ərazicə geniş olan dövlətini gücləndirmək üçün bəzi maliyyə və inzibati islahatlar həyata keçirməyə təşəbbüs göstərirdi. Qaynaqlarda Uzun Həsənin islahatçılıq fəaliyyəti haqqında müfəssəl məlumat verilməmişdir. Onun tərtib etdiyi "Qanunnamə" nin mətni bizə gəlib çatmamışdırsa da, islahatlar haqqında salnaməçilərin "Həsən padşah qanunları" və ya "Dəsturi-Həsən bəy" adlandırdıqları qanunlar barədəki cüzi məlumatlarına əsasən mühakimə yürütmək mümkündür. Ağqoyunlular dövlətinin Osmanlı imperiyası tərkibinə qatılan (Diyarbəkir, Mardin, Urfa, Ərzincan, Xarput və s.) qərb ərazilərinə aid olan bəzi sənədlər Türkiyə arxivlərində saxlanılır. Bu mənbələr Ağqoyunlu dövlətinin vilayətlərində feodal münasibətlərini araşdırmaq baxımından əhəmiyyətlidir. Uzun Həsənin islahatının ümumi xarakteri haqqında "Tarix əl-Qiyasi" də deyilir:[7] "Uzun Həsən ədalətli və xeyirxah idi. O, bütün dövləti ərazisində tamğanı ləğv etmək istəyirdi. Lakin əmirləri onunla razılaşmadılar. Sultan tamğanı yarıbayarı azaldaraq iyirmidə bir dirhəmə çatdırmışdı... O, bütün ölkədə yığılan vergilərin həcmini dəqiqləşdirdi. Uzun Həsən əhali arasındakı mübahisə və şikayətlərə aid "Qanunnamə" də tərtib etdirmişdi. O, günahkarları sərt şəkildə cəzalandırmağı tələb edirdi. Sultan "Qanunnamə'ni icra edilmək üçün dövlətin bütün vilayətlərinə göndərmişdi". Uzun Həsənin tamğanı ləğv etmək cəhdi zəngin gəlir mənbəyini itirmək istəməyən əmirlərin güclü müqaviməti ilə qarşılaşdı. Buna baxmayaraq, tamğa məhsulun dəyərinin 5 faizi həcmində (yəni 1/20) alınmağa başlandı. Buradan belə bir nəticəyə gəlmək olar ki, islahata qədərki dövrdə həmin vergi 1/10 həcmində alınmırdı. Digər vergilərin də həcmi dəqiqləşdirildi. Məsələn, torpaq vergisi azaldılaraq məhsulun həcminin 1/6-i qədər oldu. Uzun Həsən feodal özbaşınalığını məhdudlaşdırmaq və vergilərin yığılması zamanı sui-istifadə hallarını aradan qaldırmaqla iqtisadiyyatın inkişafına təkan verdi. Azərbaycan tarixində Salari hökmdarı Mərziban ibn Məhəmmədin “Qanunnamə”sindən sonra ən möhtəşəm “Qanunnamə” Həsən Bayandurinin dövründə verilən qanunlar toplusudur. Ağqoyunlu hökmdari Uzun Həsən dövlətin siyasi və isqtisadi qüdrətini artırmaq üçün , xüsüsi “Qanunnamə” tərtib etdirmişdir.Tarixçilərin qeyd ediyi kimi , Uzun Həsən uzaqgörən dövlət xadimi idi.O , yaxşı başa düşürdü ki , uğurlu hərbi qələbələr nəticəsində yaradılmış Ağqoyunlu impertorluğu ərazicə geniş olasda,daxilən möhkəm deyil.Hər hansı təhlükəni aradan qaldırmaq üçün , real gücə əsaslanan , güclü mərkəzləşdirilmiş dövlət yaratmaq lazımdir.Ölkənin iqtisadi həyatını dirçəltmək üçün , ölkədə daxili nizam-intizamı möhkələndirmək üçün xüsusi “ Qanunnamə “lər hazırlatdırdı. Bu “ Qanunnamə”lər xv-əsrin ikinci yarısında meydana gəlmişdir. “Qanunnamə”lər vergi ödənilməsində qayada-qanun yaratmaqla özbaşına yığılan və həmin dövürdə “ŞİLTAQAT” adlanan hər cür vergini ləğv etdi.Vilayət ərazisindən keçirilib başqa yerə satılmaq üçün aparılan maldan bac , həmin ərazidə satılan maldan isə tamğa vergisi alınmaq nəzərdə tutulmuşdu.Tamğa vergisinin dəyəri 5% idi, bac isə bundan qat-qat aşağı alınırdı. Uzun Həsənin hökmdarlığı dövründə köçəri maldarlar “Qopuçur” əvəzinə “Rəsmi yataq” adlanan vergi ödəyirdilər.Bu vergi “qopçur” və “Çobanbəyi”yə nisbətən yüngül idi.Məsələn: Əvvəllər hər 100 baş qoyuna görə 1 qoyun ödənilirdisə , islahatdan sonra hər 300 baş qoyuna 1 qoyun vergi kimi ödənilirdi. Uzun Həsənin tərtib etdirdiyi Qanunnamə orijinal şəkildə bizim dövrə gəlib çatmayıb. Ancaq islahatlar haqqında, səlnaməçilərin “Həsən padşahın qanunları” və ya “Dəsturi-Həsən bəy” adlandırdıqları qanunlar bizim dövrə gəlib çatmışdır. Bu mənbələrdə islahatlar haqqında çox cüzi məlumatlar verilsə də, həmin dövrün feodal qaydaları haqqında mühakimə yürütmək olar. Bu sənədlər, əsasən keçmiş Ağqoyunlu şəhərləri olan (Diyarbəkir, Mardin, Urfa, Ərzincan, Xarput və s.) ancaq sonralar Osmanlı imperiyasının tərkibinə keçərək müasir Türkiyə arxivlərində saxlanılmışdır. Uzun Həsənin islahatının (Qanunnaməsinin) ümumi xarakteri “Tarix Əl-Qiyasi” də deyilir. “Uzun Həsən ədalətli və xeyirxah hökmdar idi. O, bütün dövlətin ərazisində tamğanı ləğv etmək istəsə də, lakin əmirləri onunla razılaşmadı. Sultan tamğanı yarıbayarı azaltmışdı (1/20 qədər). Çox güman ki, həmin dövrdə vergi toplayanlar məhsulun 1/10 qədər bac alırdılar. O, bütün ölkədə yığılan vergilərin həcmini dəqiqləşdirdi. Uzun Həsən əhali arasında mübahisə və şikayətlərə son qoymaq üçün Qanunnamə tərtib etdirmişdir. Qanunnamədə günahkarların sərt cəzalanması da göstərilirdi. Bu qanunların icrası üçün Qanunnamə dövlətin bütün vilayətlərinə göndərilmişdir.” Vergilərin miqdarını müəyyənləşdirmək, zorakılığın qarşısını almaq, vergi toplayan məmurların xəyanətinə son qoymaq məqsədilə vergi işlərini nizama salan “Qanunnamə” tərtib etdirdi. F.Sümer bu fikirləri müdafiə edərək yazır ki, “Uzun Həsənin Qanunnaməsi kəndlilərdən, sənətkarlardan və tacirlərdən alınan vegiləri qaydaya salmağı, karvan yollarındakı sabitliyi təmin etməyi nəzərdə tutmuşdur”. O hətta bütün hərbi vergiləri ləğv etməyə çalışmış. Lakin mülki və hərbi idarəçilərin etirzları ilə qarşılaşmışdır. Istinadlar: Tofiq Nəcəfli “Qaraqoyunlu və Ağqoyunlu dövlətləri” Türkiyə tarixşünaslığında, səhifə 29-30. Uzun Həsən “Qanunnamə”si barədə Əbu Bəkr Tehrani geniş məlumat verməsə də. İqtisadi məsələləri aydın izah etməsə də, bəzi nüanslara toxunmuşdur. O, Uzun Həsənin Təbrizdə vergi topladığı anları qeyd etmiş və əhali ilə davranışı haqqında məlumat vermişdir. İstinad: Əbu Bəkr Tehrani “Kitabi-Diyərbəkiyə” I hissə, səhifə 46. Fars dilindən tərcümə edən Rəhilə Şükürova. “Həsən Padşahın Qanunlar”ı sonralar Səfəvi dövründə də ləğv edilməmiş , uzun müddən istifadə edilmisdir.Həmçinin bu qanunlar Osmanlı imperiyası ərazisində də sitifadə edilmişdir.İstinad “Vergi mədəniyyəti” səh:179 “ Salnaməçi Xandəmiri yazırdı ki , vergi islahatı nəticəsində əkinçlərin vəziyyəti xeyli yaxşılaşdı.Uzun Həsənin günbəgün artan ədalətindən Arran , Fras , Kirman , Əcəm və Ərəb İraqları abadlaşmağa başladı. Bu “ Qanunnamə” tək vergi sistemində yox , həmçinin daxili işləri qaydaya saldı. Hərbi - köçmə tayfaların , əyyan və feodalların mərkəzi hakimiyyətə tabe etdirilməsində “Qanunnamə”nin böyük rolu vardı.Bu qanunlar xvı əsr boyuda istifadə edilmişdir. Tarixçı Şərəfxan Bitlisi yazırdı (16-cı əsr) : Onun “Qanunnamə”si vergilərin alınması barədə qaydalar, İraqda, Farsda və Azərbaycanda istifadə edilirdi. Istinad: “ Trarix” səhifə 90. Osmanlı-Ağqoyunlu müharibəsi Avropa Uzun Həsənə böyük ümidlər bəsləyirdi. İndi yalnız o, Osmanlı imperiyasının fikrini yayındıra və onu Avropaya doğru irəliləməkdən saxlaya bilərdi. Professor Yaqub Mahmudovun Ağqoyunlular və Səfəvilər dövlətlərinin qərbi Avropa ilə münasibətlərə həsr etdiyi samballı elmi araşdırmasında da göstərdiyi kimi, bu dövrdə Uzun Həsən Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Qızıl Orda, Polşa, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Vatikan, Burqundiya, Neopolitan Krallığı, Rodos, Kipr, Qaraman bəyliyi, Misir, Hindistan və başqa dövlətlərlə diplomatik münasibətlər saxlayırdı. Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə diplomatik münasibətlərinə dair materiallar daha yaxşı qorunmuşdur. Bu ölkə Uzun Həsənin sarayında daim səfirlər saxlamış, müxtəlif vaxtlarda Katerina Zeno, Barbaro və Ambrozio Kontarini burada elçi olmuşlar. Venesiya Senatı öz iclaslarında tez-tez Uzun Həsənin Osmanlı imperiyasına qarşı mübarizəyə cəlb olunması məsələlərini müzakirə edirdi. Uzun Həsən Qara və Aralıq dənizlərinə çıxış qazanmaq uğrunda mübarizəyə hazırdır, lakin onun şərtləri də var. O, tələb edir ki, odlu silahla tə'min edilsin və hər iki ölkə hərbi əməliyyatlara eyni vaxtda başlasın. Venesiya tərəfi ilə əldə olunmuş razılıq əsasında odlu silah yardımını Qaraman bəyliyi ərazisindən həyata keçirilməlidir. Lakin sultan II Mehmet hadisələri qabaqlayaraq, Qaraman bəyliyinin qalan yerlərini da işğal edir və Uzun Həsənin Qərbi Avropa ilə əlaqələrini tamamilə kəsir. Uzun Həsən də bunun cavabında 1472-ci ilin baharında öz qoşunlarını Qaramana yeridir. Bir neçə parlaq qələbə qazandıqdan sonra məşhur Ağqoyunlu süvariləri Qaramanı osmanlılardan təmizləyərək, Aralıq dənizinə çıxış əldə edir. Lakin təəssüf ki, Uzun Həsənin cəhdləri boşa çıxır. Müttəfiqlər nəinki ikinci cəbhəni açmır, hətta razılaşdıqları kimi, odlu silahı sahilə də çıxarmırlar. Sərkərdə Mirzə Yusif xanın başçılıq etdiyi arxa cəbhədən aralanmış Ağqoyunlu qoşunları sultan II Mehmetin buraya atdığı yeni və artilleriya ilə təchiz olunmuş güclü Osmanlı ordusu ilə üz-üzə qalır. Bəyşəhər yaxınlığındakı döyüşdə Ağqoyunlu ordusu məğlubiyyətə uğrayır və Qaraman yenidən osmanlıların əlinə keçir. Lakin Qaraman tayfa başçılarından olan Pir Əhməd və Qasım yeni hücumlara keçən sultan qoşunları ilə daha ciddi vuruşmaq məqsədilə Uzun Həsənə müraciət edərək ondan kömək istədilər. Uzun Həsən Pir Əhməd və Qasım ilə ittifaq yaratdı, sultanla döyüşə hazırlaşmağa başladı. Kiçik Asiyada Toqat adlanan yerdə ağır döyüşlər baş verdi. Qeysəriyyə şəhəri ətrafında və Kiçik Asiyanın digər yerlərində Ağqoyunluların qaramanlılarla birləşmiş qüvvələri sultan qoşununa güclü zərbə vura bildilər. Ağqoyunlu qüvvələrinin bu qələbələri II Mehmedi qorxuya saldı. 1472-ci il avqustun 18-də Konya yaxınlığında II Mehmedin oğlu Mustafanın başçılıq etdiyi sultan qoşunları ilə baş vermiş döyüşlərdə Ağqoyunlu qüvvələri məğlub oldular. Ağqoyunlu sərkərdələrindən olan Uzun Həsənin oğlu Yusif Mirzə digər iki qardaşı ilə birlikdə əsir alındı və edam edildi. Otluqbeli döyüşü 1473-cü ilin ortalarında Venesiya ilə odlu silah təminatı barədə yeni razılığa gələn Uzun Həsən qoşunlarını təzədən Aralıq dənizi sahillərinə yeridir. Bu dəfə II Mehmet Ağqoyunluları yolda qarşılayır. Uzun Həsən düşməni Ağqoyunlu süvariləri üçün daha münasib bir yerə gətirmək məqsədilə ölkənin içərilərinə doğru irəliləyir. Osmanlılar ehtiyatla onu təqib edirlər. Uzun Həsən Fərat çayının sol sahilinə çıxır, osmanlılar isə cənuba dönərək, sağ sahillə hərəkət edirlər. Uzun müddət heç biri çayı keçməyə cürət etmir. Nəhayət, avqustun 1-də Malatya yaxınlığında çoxdan gözlənilən döyüş başlayır. Ağqoyunlu qoşunu düşməni aldatmaq məqsədilə bir az geriyə çəkildi. Bu hərəkəti zəiflik sanan Xasmuradın qüvvələri mühasirəyə alındılar, Uzun Həsən qalib gəldi, Osmanlı sərkərdəsi isə həmin döyüşdə öldürüldü.Bu gərgin döyüş üç saata qədər davam edir və Uzun Həsənin tam qələbəsi ilə başa çatır. Təxminən 50 min osmanlı əskəri halak olur, 150 zabit və 35 nəfər yüksək səviyyəli sərkərdə isə əsir düşür. II Mehmet sülh müqaviləsi bağlamağı təklif etsə də, Uzun Həsən hərbi əməliyyatları davam etdirmək qərarına gəlir. Osmanlıların qüvvələri tükənməmiş Fərat çayının sağ sahilləri ilə geri çəkilirlər. Bu döyüşdən on gün sonra Uzun Həsənin öz qüvvələrinə arxayın olan sərkərdələri onu inandırıb, çayı keçmək və osmanlıları biryolluq əzmək fikrinə gətirirlər. Əvvəl-əvvəl osmanlıları mühasirəyə alaraq, artilleriyadan istifadə etməyə imkan verməmək onlara müyəssər olur. Osmanlılar mühasirəyə alınıblar və məğlubiyyət ərəfəsindədirlər. Son anda isə onlar hiyləgər bir manevr edərək, mühasirədən çıxır və artilleriyalarını işə salaraq, təqribən 8 saat davam edən döyüşü udurlar. Bu döyüş tarixə Otluqbeli vuruşu kimi daxil olub. Həmin qələbə osmanlılara elə ağır başa gəlir ki, sultan hərbi əməliyyatları davam etdirmədən və hətta Ağqoyunlulara qarşı heç bir ərazi iddiası irəli sürmədən tez-tələsik İstanbula yola düşür. Uzun Həsən yenə də ona vəd olunmuş silahları alıb, ordusunu lazımınca silahlandıra bilmir. Bu problemi heç onun oğlanları və nəvəsi Şah İsmayıl da həll edə bilmir. Şah İsmayılın Çaldıran döyüşündə məğlub olmasının əsas səbəbi də türklərin artilleriyaya sahib olmaları idi. Osmanlılar əleyhinə ittifaqa daxil olmuş Avropa dövlətlərinin mənafeyi də bir-biri ilə toqquşduğu üçün bu ittifaq Uzun Həsənə kömək edə bilmədi. Ağqoyunlu qoşununun məğlubiyyətinin əsas səbəblərindən biri də Uzun Həsənin osmanlılara qarşı mübarizə aparmaqda olan Misir və Suriya qüvvələrindən istifadə edə bilməməsi ilə izah olunmalıdır. O, hətta Ağqoyunlu dövləti ilə iqtisadi, siyasi və diplomatik əlaqə saxlayan qonşu Gürcüstanla osmanlılar əleyhinə ittifaq yarada bilmədi. Venesiya elçisi Ambrozio Kontarini Uzun Həsənin ordusundakı silahlar barədə yazırdı: Uzun Həsənin döyüşçüləri ox, yay, qılınc və ipəkdən, yaxud da məftildən düzəldilmiş kiçik qalxanlarla silahlanır. Onlar nizədən istifadə etmirlər. Seçmə döyüşçülərə yaxşı dəbilqələr və mizraqlar verilir. Onların atları isə olduqca gözəl və dözümlüdür. Uzun Həsən belə kasıbyana texniki təchizatla yaxşı silahlanmış və artilleriyaya sahib olan türklərə qalib gələ bilməyəcəyini anladığı üçün döyüşü həmişə elə qurmağa çalışır ki, həlledici rolu onun cəngavər süvariləri oynasın. Yetərincə odlu silahı olmayan və yeniləşməsi başa çatmayan bir ordunun qazandığı qələbələr Uzun Həsənin sərkərdəlik məharəti və hərbi ehtiyatlardan lazımınca istifadə etmək bacarığı sayəsində əldə edilirdi. Uzun Həsənin Avropa dövlətləri ilə əlaqələri Məğlub olduqdan sonra da Uzun Həsən türklər əleyhinə yaradılmış koalisiyanın daha da möhkəmləndirilməsi uğrunda fəal siyasi mübarizəyə qoşulur. Onun sarayında yenə də Avropa ölkələrindən gəlmiş elçiləri tez-tez görmək olar. O, türklərə qarşı yeni hərbi əməliyyatlara başlayacağını bildirir və müttəfiqlərini də buna çağırır. 1471-ci ildə İosafat Barbaronun başçılığı ilə Azərbaycana yola düşmüş Venetsiya səfarəti (elçilik heyəti) üç ildən sonra (1474-cü ilin əvvəllərində) Uzun Həsənin qərargahına gəlib çatdı. Lakin Uzun Həsən onu hörmətlə qarşılamadı. Katerino Zeno vasitəsilə bağlanmış müqavilə əsasında Venesiya Respublikası öz vədinə əməl etməmişdi və buna görə də Uzun Həsən İosafat Barbaro ilə yeni danışığa girmək istəmədi. Barbaronun nəticə əldə edə bilmədiyini anlayan Venetsiya senatı Ambrozio Kontarinini fövqəladə səfir kimi Uzun Həsənin yanına yola saldı. Kontarinin heyəti Almaniya, Polşa, Moskva dövlətləri və Krımdan keçərək beş ay yol qət etdikdən sonra, 1474-cü il avqustun 4-də Təbrizə çatdı. O, Təbrizə yetişərkən Uzun Həsənin oğlu Uğurlu Məhəmməd Ağqoyunlu dövlətinə qarşı qiyam qaldırmışdı. 1474-cü il sentyabrın 5-də Venesiya Respublikası tərəfindən Azərbaycana müəyyən tapşırıqla göndərilmiş Bartolomeo Liompardo da Təbrizə gəldi. Kontarini Təbrizdə rast gəldiyi ağır vəziyyət haqqında topladığı məlumatı Liompardo vasitəsilə Venesiyaya göndərdi. Sonra o, Uzun Həsənin olduğu İsfahan şəhərinə tərəf yollandı və ay yarımdan sonra oraya çatdı. O vaxtlar Barbaro da İsfahana gəlmişdi. Uzun Həsən 1474-cü il noyabrın 4-də Venesiya elçilərinin hər ikisini öz sarayına çağırdı və onları qəbul etdi. Uzun Həsən Ağqoyunlu dövlətinə tabe edilmiş ucqar yerlərdə, xüsusilə İsfahanda yaranmış qarışıqlığı aradan qaldırdıqdan sonra 1474-cü il noyabrın 25-də Azərbaycana qayıtdı. Venesiya səfirləri də onunla bərabər yola düşdülər. 1475-ci il mayın 30-da Təbriz yaxınlığında boloniyalı Fiqaro Lodoviko adlı bir katolik rahibi Uzun Həsənin sarayına gəldi. Rahib özünün Antioxiya baş ruhanisi olduğunu və Burqundiya hersoqluğu tərəfindən səfir kimi gəldiyini söylədi. Ertəsi gün Uzun Həsən Lodovikonu Kontarini və Barbaro ilə birlikdə öz yanına çağırdı. O, öz məqsədini təfsilatı ilə Uzun Həsənə bildirdi və iki tərəf arasında başlanmış danışıqlar müəyyən razılaşma ilə bitdi. 1475-ci il iyunun 11-də Uzun Həsən Təbrizə gəldi. O, bir neçə dəfə Venesiya və Burqundiya səfirlərini qəbul etdi. Uzun Həsən osmanlılara qarşı çıxış etmək barədə onlarla danışıq apardı və baş verə biləcək Osmanlı basqınlarından müdafiə üçün hazırlıq işləri görməyə başladı. Kontarini yazırdı: Padşah səfir-rahibə Fransaya qayıtmasım təklif etdi. Qeyd etdi ki, mən öz vədimə vəfalıyam, osmanlılara qarşı müharibə edəcəyəm və hazırda müharibə tədarükü ilə məşğulam. Sonra isə məni də öz yanına çağırıb dedi: "Venesiyaya qayıt və bu rahiblə birlikdə öz padşahının nəzərinə çatdır ki, mən müharibəyə hazırlıq işləri ilə məşğulam. O, müharibəni baçlasın və bu haqda bütün xristian hakimlərinə xəbər versin..." Yola düşməzdən bir gün əvvəl yenə də Uzun Həsənin sarayına getmişdik. Moskva dövləti tərəfindən də Uzun Həsənin yanına Marko Rosso adlı səfir gəlmişdi. Həmin gün padşahın yanında iki nəfər yerli əyan var idi. Padşah onların birini Moskvaya, digərini isə Bur-qundiyaya səfir göndərmək istəyirdi. Padşah Burqundiya səfirinə və mənə sözlərini xristian hakimlərinə yetirməyi tapşırdı Uzun Həsənin şərq siyasəti Uzun Həsən Ağqoyunlu dövlətinin qərb sərhədlərində böyük müvəffəqiyyət əldə edə bilmədi, lakin Şərq tərəfdə vəziyyəti yaxşılaşdırmağa nail oldu. O, İranda gedən feodal müharibəsindən məharətlə istifadə edərək, əvvəlcə Cahanşaha (1467), sonra isə Muğanda Teymuri Əbu Səidə (1469) qalib gəlmiş, nəticədə Xorasan, Gilan və Mazandarandan başqa bütün İranı öz hakimiyyəti altında saxlaya bilmişdi. Sultan Əbu Səidin ölümündən sonra Teymuri şahzadələri arasında taxt-tac uğrunda başlamış mübarizədə Uzun Həsən Şahruxun varisi olan Yadigar Məhəmmədi müdafiə edirdi. O zaman Teymurilərin əsas qüvvələri Xorasanda idi, buna görə də Uzun Həsən buraya zərbə endirə bilmədi və Xorasan vilayəti Teymurilərin əlində qaldı.Xorasanda Sultan Hüseyn Bayqara tərəfindən məğlub edilmiş Yadigar Məhəmməd Uzun Həsənə müraciət etdi və ondan kömək istədi. Bu xahiş müqabilində Uzun Həsən Xorasana böyük qüvvə göndərərək, onu yenidən Heratda taxta çıxardı. Lakin Ağqoyunlu qoşunu Xorasandan qayıdan kimi Sultan Hüseyn Bayqara hakimiyyəti yenidən ələ keçirdi və Yadigar Məhəmmədi edam etdirdi. Xorasan 36 il Sultan Hüseyn Bayqaranın hakimiyyəti altında qaldı. Beləliklə, Uzun Həsənin Yadigar Məhəmmədi taxta çıxarmaqla Xorasanı öz təsiri altına almaq cəhdi müvəffəqiyyətsizliyə uğradı. Gürcüstan, Misir və Suriya yürüşləri Uzun Həsən feodal pərakəndəliyindən istifadə edərək Gürcüstanı öz hakimiyyəti altına salmaq üçün cəhdlər etmişdi (1458, 1463, 1466, 1472 və 1475-ci illər). 1472-ci ildə Gürcüstana qarşı yürüş isə Ağqoyunluların osmanlılarla az sonra edəcəyi müharibəyə hazırlıq kimi düşünülmüşdü. Uzun Həsən asanlıqla qazanılmış qələbələrlə əsgərlərin döyüş ruhunu yüksəltmək istəmiş, onların müəyyən qədər qənimət əldə etməsinə şərait yaratmışdı. Uzun Həsən müxtəlif illərdə(1462, 1464, 1472, 1475) Misir və Suriya məmlüklərinə qarşı da yürüş təşkil etmişdi. 1477-ci ildə Uzun Həsən özünün son yürüşünə - Gürcüstan üzərinə yürüşə gedir. Oradan zəngin qənimət və 5 min nəfərlik əsirlə qayıdır. Həmin əsirləri də öz yaxınlarına paylayır. Beləliklə, Uzun Həsən Şərqi Gürcüstanı ələ keçirir . Uğurlu Məhəmmədin üsyanı Uzun Həsənin oğlu, istedadlı sərkərdə və qalibiyyətli yürüşlərin iştirakçısı olan Uğurlu Məhəmməd atasına qarşı qiyam qaldırır. Kontarini özünün "Səyahətnamə"sində yazmışdı: "Təbrizə yetişdikdən sonra bir karvansaraya düşdük. Küçələrdə bərk çaxnaşma vardı. Məlum oldu ki, Uzun Həsənin oğlu Məhəmməd Şirazı tutub öz qayınanasına vermiş, Uzun Həsən də onu dəf etmək üçün Şiraz səmtinə qoşun göndərmişdir. Uğurlu Məhəmmədin tərəfdarlarından biri öz dəstəsi ilə Təbrizə qədər gələ bilmişdi. Təbrizdən hərəkət edib padşah ordusu olan yerə getmək istədim. Lakin gördüm ki, bu çox çətindir. Ona görə də həmin karvansarada qalmağa məcbur oldum. Karvansara sahibi də müvəqqəti olaraq çıxmağımı məsləhət görmədi. Bu zaman Uzun Həsənin oğlanlarından biri (Maqsud bəy) min nəfər atlı ilə Təbrizə, atasının köməyinə gəldi. Mən də xeyli zəhmətdən sonra onunla görüşə bildim və gətirdiyim hədiyyələri verdim. Uzun Həsənin yanına getmək üçün məni minik vasitəsi ilə təmin etməsini ondan xahiş etdim. Maqsud bəy hədiyyələri qəbul etdi, lakin başqa sözlərimə əhəmiyyət vermədi. Şəhərin vəziyyəti çox pis idi. Maqsud bəy qoşun hazırlamaq üçün camaatdan pul tələb edirdi. Lakin camaat onun bu tələbini rədd etdi və dükan-bazarı bağladı. Çörək, su tapılmadı". Uğurlu Məhəmməd qardaşı Xəlil bəy tərəfindən təqib olunduqdan sonra isə Türkiyəyə qaçır. Sultan II Mehmet orada onu ədəb-ərkanla qəbul edir və öz qızı Kövhərxan sultanı da ona ərə verir.Fateh Sultan Mehmet onu Sivasa hakim təyin edir . Uğurlu Məhəmməd atasına qarşı mübarizəsini davam etdirir, lakin onu tezliklə tutub edam edirlər. Bundan az sonra 1478-ci ilin 5 yanvarında Uzun Həsənin özü də həyatla vidalaşır. Onu özünün tikdirdiyi Nəsriyyə məscid kompleksində dəfn edirlər. Bundan sonra həmin məscid "Həsən padşahın məscidi" adlanır. Uzun Həsənin ölümündən sonra taxta oğlu Sultan Xəlil keçmişdir. Ailəsi Atası Əli bəy Ağqoyunlu, anası isə Sara Xatundur. 1441-ci ildə Əgil hakimi Dövlətşah bəyin qızı ilə evlənmişdi. Ondan olan övladı: Uğurlu Məhəmməd Digər evliliklərdən olan oğulları: Zeynal bəy Sultan Xəlil (Səlcuqşah bəyimdən) Məsih Mirzə Maqsud Mirzə Yusif Mirzə Despina Xatunla olan övladları: Sultan Yaqub Aləmşah bəyim İki başqa qız
568 Views