İMAM KAZİM (Ə) VƏ ETİQADİ MƏSƏLƏLƏR
Birinci hicri-qəməri əsrinin sonlarında baş qaldıran və ondan sonra İslam cəmiyyətində fikri ixtilaf və çəkişmələrdə mühüm rol oynayan islami təriqətlərdən biri də “mötəzilə” təriqəti idi. Bu təriqətin bariz xüsusiyyəti dini məsələləri əqli yolla şərh vermək idi. Vasil ibn Əta və Əmr ibn Əbid bu təriqətin qabaqcıllarından idilər. Dini məsələləri əqli yolla yozmaq və şərh etmək şiələrin qəbul etmədiyi bir məsələ deyildi, ancaq dini məsələləri ağlın şərhinə buraxmaq və bu barədə ifrata varmaq mənfi nəticələr doğura bilərdi. Əqlə söykənənlərin tövhid haqqında gündəmə gətirdikləri müxtəlif əqidələr bunun bariz nümunəsidir. Onlar bəzən zidd olan sifətləri Allaha nisbət verir, bəzən də, Quranın açıq-aydın Allaha nisbət verdiyi sifətləri Ondan xaric edirdilər. Onların bu hərəkətləri məsum imamlara istinad edən şiələr tərəfindən qəbul oluna bilməzdi. Xüsusilə, şiə təfəkküründə Rəsulullahın (s) hədislərinə diqqət yetirmək böyük əhəmiyyət kəsb edir. Bunlara rəğmən, imamlar İslam dininin haqq olmasını müdafiə edərkən əqli məsələlərdən də istifadə edirdilər. Onlar elə bu zəmində şagirdlər də tərbiyə edirdilər. Bu şagirdlərin əsas işi şiə məzhəbinin dini və əqidəvi məsələlərini əqli yolla müdafiə etmək idi.
“Mötəzilə” təriqətinin qarşısında duran “əhli-hədis” təriqəti isə bir çox saxta hədislərə istinad edir, tövhidlə bağlı bir çox şübhələr və çətinliklərlə qarşılaşırdılar.
Təbii ki, imam Kazimin (ə) bu məsələlərlə əlaqədar şiələrə göstərişləri onları yanlış fikirlərdən nicat verirdi. Bir rəvayətdə nəql olunur ki, o həzrətdən Allahın sifətləri barədə soruşdular. Həzrət cavabında buyurdu: “Quranda ifadə olunan sifətlərdən irəli keçməyin.”
Başqa bir rəvayətdə isə belə buyurmuşdur: “Allah o qədər uca və böyükdür ki, heç kim Onun sifətinin həqiqətini anlaya bilməz. O halda, Onu Özünü vəsf etdiyi kimi tanıyın və başqa şeylərdən əl çəkin.”
O həzrətin özü də Allahın sifətlərini saymaq istədiyi zaman Quran ayələrinin məzmunlarından istifadə edirdi. İmam ayə və rəvayətlərin zahirinə söykənərək insani və maddi sifətləri Allaha isnad etmək istəyən hədis əhlinin qarşısında dayanır, Allahın hər növ oxşar və maddi sifətlərdən pak və münəzzəh olduğunu bildirirdi. İmama deyiləndə ki, bir qrup insan “Allah dünyadakı səmaya nazil olar!” – əqidəsinə inanır, İmam belə buyurdu: “Şübhəsiz, Allah (səmaya) nazil olmaz və buna ehtiyacı da yoxdur. Çünki uzaq da, yaxın da Onun dərgahında bərabərdir.” (“Kafi”, c.1, s. 102, 105, 125.)
İMAM KAZİMİN (Ə) HƏDİS ƏHLİ QARŞISINDA MÖVQEYİ
İmam Əlinin (ə) imaməti barədə açıq-aşkar dəlil və göstərişlərin kənara qoyulması və onlara diqqətsizlik İslam ümməti arasında qarşıya çıxan sonrakı ixtilafların başlanğıcı oldu. İmamət məqamına ləyaqəti olmayanlar siyasi hakimiyyətə öhdəçilik etməklə bərabər, dini təfsir və fiqhi bəyan etməyi də ələ aldılar. Baxmayaraq ki, elmi qüdrətə, savada malik deyildilər və bir sıra düşüncələri izah etdilər ki, təbii olaraq, müəyyən çətinliklər yaratdı. Bu zəmində zahirən ilk elmi ixtilaf Peyğəmbərin (ə) mirası və zəkat ödəməyə müxalif olanlarla döyüşmək idi. Sonralar xəlifələrin xilafəti dövründə bu kimi ixtilaflar daha çox önə çıxdı. Həmin vaxtlarda bəzən etiqadi məsələlər ortaya çıxır və onlara xəlifələr tərəfindən cavablar verilirdi. Müxtəlif səbəblər üzündən, bu cavabları qəbul etməyənlər başqa bir yol seçir və cahillər də çaşqın halda qalırdılar. Bu vəziyyət, tədricən, İslam cəmiyyətində bir sıra ixtilaflar yaratdı.
Hədislərin yazılmasına və nəqlinə qoyulan qadağa yəhudi mədəniyyətinin müsəlmanlar arasına nüfuzuna səbəb oldu. Onlarda dünyaya bağlılıq və məhəbbət artdı. Qəddar Əməvilər hakimiyyətinin təməllərini möhkəmləndirmək üçün din yanlış təfsir olundu. Ən əsası “zikr əhlinin” elmi, dini və siyasi səhnələrdən uzaqlaşdırılması ixtilafları daha da genişləndirirdi. Çox keçmədi ki, hər bir qrup öz əqidəsinin əhatə dairəsini başqalarının etiqadlarından ayırdı. Şiə imamları elə əvvəldən öz düşüncələrini ümumxalqa, bəzən də şiələrə bəyan edir, onları özlərini satmış alim və ravilərdən uzaqlaşdırmağa çalışırdılar. İmam Əlinin (ə) beşillik hakimiyyəti dövründə Əhli-beytin fikirlərini ümumi şəkildə İraq əhalisinə çatdırmaq üçün şərait yarandı. Amma bu dövr sona çatdıqdan sonra Əməvilərə bağlı ravilər və alimlər yenidən dirçəldilər və camaatı hakim dairələrlə əməkdaşlığa çağırdılar.
Birinci əsrin sonunda və ikinci əsrin əvvəllərində şiələrdən başqa bir neçə təriqət fəal idi ki, xəvaric, mürciə, cəhmiyyə və mötəzilə onların ən məşhurlarındandır. Bunlardan hər birinin xüsusi sahələrdə öz əqidələri vardı və onları yaymağa çalışırdılar. Demək olar ki, bu təriqətlərin heç biri ilə hakimiyyət uyğunlaşmırdı. Hökumət Xorasanda cəhmiyyə və mürciə ilə vuruşurdu. Eləcə də, İranın cənubundakı uzaq məntəqələrdə xəvaricə qarşı qızğın döyüşlər gedirdi. Mötəzilənin isə məhdud yerlərdən başqa, elə də qüdrəti yox idi. Bu arada Əməvilər və onların yaratdıqları Osmani təriqəti qarşısında mövqe tutan şiənin vəziyyəti də məlum idi.
Camaatın bir dəstəsi öz başçılarına itaət edərək İbn Şəhab Zühəri, ondan öncə Ürvət ibn Zübeyr və ondan da əvvəl Əbu Hüreyrə və Səmurət ibn Cündəb kimi şəxslərin yaydıqları məzhəbin ardınca düşmüşdülər. Onlar camaatı “hədis” yolu ilə aldatmaq fikrində idilər. Hədis Rəsulullahın (s) sözləri, kəlamları idi. Amma Peyğəmbərdən (s) sonra hədis yazılmasına qadağa qoyulduğu üçün, saxta hədislər düzəltmək çox asan olmuşdu. Baxmayaraq ki, əhli-sünnə başçıları Peyğəmbərdən (s) nəql olunan hədislərin sayının bir neçə yüzdən çox olmadığını açıq-aydın söyləyirdilər, amma ikinci əsrin ortalarından sonra Peyğəmbərin (s) hədisləri neçə minə və bir müddətdən sonra neçə yüz minə çatdı. Bu saxta hədislər həm fiqh, həm də teoloji məsələlərlə bağlı idi. Hədisləri saxtalaşdırmaqdan əlavə, onları təhrif etmək də dini təhrif etmək üçün başqa bir yol idi.
Bu saxta hədislər camaatın həyatında dini hökm kimi yer tutaraq formalaşdı. Ona tabe olanlar “sünni” adlandırıldı və müxaliflər “bidət əhli” adı ilə səhnədən çıxdılar. Bu minvalla, “hədis əhli” formalaşdı. Başlanğıcda bu hədislərə əsaslananlar, başqalarını din və məzhəbdən çıxmış kimi tanıdanların təriqətinin adı Osmani təriqəti idi. Cahiz bu təriqəti himayə və təsdiq etmək üçün “Əl-Osmaniyyə” adlı kitab yazdı.
Şiə imamları bu hədislərin, başqa sözlə, “hədis əhli”nin qarşısında dayanmağa çalışırdılar. Onlar münasib zamanlarda bu saxta hədislərə cavab verir, bəzi “mütəşabih” (oxşar) ayə və hədislərin təfsirində adi insanların anladıqları yanlış düşüncələri düzəltməyə çalışırdılar.
Belə fəaliyyətləri bütün imamların həyatı boyunca müşahidə etmək mümkündür. O həzrətlərin fiqhi və etiqadi mövqelərindən istifadə edərək uyğun nəticələrə yetişmək olar. Burada imam Kazimin (ə) təfəkkür tərzi ilə bağlı tutduğu bu mövqelərdən iki nümunəsinə işarə etməklə kifayətlənirik:
1. Hədis əhlinin daha çox nəql etdiyi və əsaslandığı məsələ “Allahın dünya səmasına enməsi” hədisi idi. Əbu Hüreyrə Rəsulullahın (s) belə buyurduğunu nəql edir: “Allah-Taala hər gün gecənin axırıncı üçdə-bir hissəsində dünyanın səmasına enir və belə səslənir: Kimdir məni çağıran ki, onun duasını qəbul edim? Kimdir məndən bir şey istəyən ki, ona istədiyini verim? Kimdir bağışlanmaq diləyən ki, onu bağışlayım?”
Bu hədisin zahirini olduğu kimi qəbul etmək “təşbeh” əqidəsinə inanmaq və Allahın bir məkandan başqa məkana keçməsini qəbul etmək deməkdir. “Əhli-hədis” bu sayaq əqidəvi düşüncələri açıq-aşkar söyləyir və bu barədə başqa hədislərə də istinad edirdilər. ”Əhli-hədis”in fəaliyyətlərinin səmərəsi olan Əhməd ibn Hənbəlin əqidəsi belə idi: “Allahın ərşi və onu çiyinlərində daşıyanlar var. O, Öz ərşində oturub ki, onun həddi-hüdudu yoxdur. Allah hərəkət edir, danışır, baxır, görür, gülür... Hər axşam dünya səmasına enir. Allah bəndələrinin qəlbləri onun iki barmağının arasındadır və Adəmi Öz əlləri ilə Özünə bənzər surətdə yaratdı.” O, Allah-Taalanın oturduğu yer barədə belə deyir: “Allahın əyləşdiyi yerlə onun kənarında oturan Rəsulullahın (s) yeri arasında dörd barmaq məsafə var.”
Şiələr də davamlı şəkildə imamlardan bu hədislər barədə sorğu-sual edirdilər. “Allahın dünya səmasına enməsi” hədisi barədə imam Kazim (ə) və imam Rzadan(ə) sual olunmuşdur. Yəqub ibn Cəfər Cəfəri deyir: “İmam Kazimin (ə) yanında Allahın dünya səmasına enəcəyini güman edənlər barədə söz açıldı. İmam buyurdu: “Allah-Taala enməz və enməyə də ehtiyacı yoxdur. Onun dərgahında yaxın və uzaq eynidir. Nə yaxın ondan uzaqdır, nə də uzaq ona yaxındır. Onun heç bir şeyə ehtiyacı yoxdur, amma hamının ona ehtiyacı var. O, nemət və fəzilət sahibidir. Ondan başqa Allah yoxdur. O, qüdrətli və hikmətlidir. Amma Allahı “dünyanın səmasına enəcək” deyə vəsf edənlər yanılırlar. Allah barədə bu sözləri deyənlər Onda nöqsan olduğuna inanırlar. Hər bir hərəkət edənə hərəkət verən lazımdır. Hərəkət verən olmadan hərəkət etmək mümkün deyildir. Belə olan surətdə, Allaha hərəkət verən kimdir? Allah barədə belə güman edənlər həlak olacaqlar. Allahı hərəkət etmək, yerini deyişmək, enmək, durmaq və oturmaq kimi məhdudlaşdıran sifətlərlə vəsf etməkdən çəkinin. O, bu sayaq vəsflər və gümanlardan daha uca, daha böyükdür...”
Bu rəvayətdə Allahın dünya səmasına enməsi inkar olunmuş və çox dəqiq ibarələrlə “təşbeh” (Allahın bənzədilməsi) məsələsi Əhli-beyt məktəbində rədd olunmuşdur.
2. “Hədis əhli”nin zahirinə söykəndikləri məsələlərdən biri “ər-rəhmanu ələl ərşis-təva”(Rəhman Allah (varlıq aləminin səltənət və hökmranlıq) taxtın(ın) üzərində qərar tutmuşdur.) – ayəsi idi. Onlar digər ayələri nəzərə almadıqları, dəlil və əqldən istifadə etmədikləri üçün, – uzun illər mötəzilə ilə ziddiyyətlərinin səbəbi də elə bu idi – ancaq ayə və hədislərin zahirinə istinad edirdilər. İmam Kazimdən (ə) bu ayənin izahı haqda soruşulduqda, belə cavab verdi: “Ayədə məqsəd Allah-Taalanın bütün kiçik və böyük işlərə əhatəsinin olmasıdır.”
Bütün məhdudiyyətlərə baxmayaraq, imamların və onların səhabələrinin səyləri nəticəsində Əhli-beyt əqidələri yayıldı və şiə təfəkkürünün təməlləri quruldu. Düzgün və təhrifdən uzaq İslam Əhli-beyt (ə) vasitəsilə qorundu və yaşadı.
Yazar.Rza Şükürlü
Mənbə. maide.az