Koroğlu. Əsəri haqqında məlumat (opera)
Yazılma tarixi: 1932-1936-cı illər.
İlk tamaşa: 1937, 30 aprel, Bakı.
Libretto müəllifi: Məmməd Səid Ordubadi və Heydər İsmayılov.
Ədəbi əsası: «Koroğlu» dastanı (XVII əsr)
Tarixi əhəmiyyəti: Azərbaycanda ilk klassik operadır.
Dirijorlar:
Üzeyir Hacıbəyov (ilk tamaşa),
Əşrəf Həsənov, Niyazi, Rauf Abdullayev.
Rejissorlar:
İsmayıl Hidayətzadə (ilk tamaşa),
Mehdi Məmmədov, Firudin Səfərov
Koroğlu rolunun ifaçıları:
Bülbül (ilk ifaçı), Lütfiyar İmanov, Həsən Enami, Ülvi Qılınc.
Nigar rolunun ifaçıları:
G.İsgəndərova (ilk ifaçı),
Firəngiz Əhmədova, Fidan Qasımova, Xuraman Qasımova, Qənirə Kərimova.
Nəşr olunmuşdur: klavir, partitura «Koroğlu» — Azərbaycanın böyük bəstəkarı Üzeyir Hacıbəyov tərəfındən bəstələnmiş beş pərdəlik operadır. Əsərin librettosu Heydər İsmayılov və Məmməd Səid Ordubadi tərəfındən yazılmışdır. Türkdilli ölkələrin xalq əfsanələrindən biri olan Koroğlu dastanı, Azərbaycanda da çox məşhurdur. Bu opera Hacıbəyovun yaradıcılığının zirvəsini təşkil edir. Azərbacan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır. «Koroğlu» operası ilk dəfə 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulub. Bəstəkarın yaradıcılığında kulminasiya mərhələsi olan "Koroğlu" dünya klassik operaları sırasında parlaq nümunələrdən biridir. 5 pərdəli bu operanın libretto müəllifləri H. İsmayılov və M.S. Ordubadidir. Librettonun yaradılmasında Hacıbəyov fəal iştirak etmişdir. Üzeyir Hacıbəyov opera üzərində 1932-1936-cı illərdə işləmiş, ilk tamaşa 1937-ci il aprelin 30-da AOBT-nda olmuşdur. Azərbaycanda, ümumiyyətlə Zaqafqaziyada, Orta Asiya, Türkiyə və İranda geniş yayılmış "Koroğlu" xalq dastanı operanın süjet əsasını təşkil edir. Operanın musiqisində Azərbaycan xalqının tarixi taleyi, xarakteri, psixologiyası, bütövlükdə dünyagörüşü əksini tapmışdır. "Koroğlu" tipik xalq qəhrəmanlıq dastanıdır. "Koroğlu"da opera sənətinə xas bütün əlamətlər bəstəkarın milli musiqi təfəkkürü süzgəcindən keçərək kamillik səviyyəsində yaradılmışdır. "Koroğlu" operasına görə Üzeyir Hacıbəyov 1941 ildə Stalin mükafatına layiq görülmüşdür. "Koroğlu"-nun ilk tamaşasının rej. İ. Hidayətzadə, dirijoru H., (sonralar Ə. Həsənov), rəssamı R. Mustafayev olmuşdur. Rollarda Bülbül (Koroğlu), G. İsgəndərova (Nigar), M. Bağırov (Həsən xan), Q. İsgəndərov (təlxək), Ə. Zülalov (Ehsan paşa), Q. Hüseynov (Həmzə bəy), B. Mustafayev (İbrahim xan) çıxış etmişlər. 1938 ildə opera Moskvada Azərbaycan incəsənəti dekadasında böyük müvəffəqiyyət qazanmışdır. AOBT-nda "Koroğlu"-nun 1943 (rus dilində; dirijor Niyazi), 1959 (rej. M. Məmmədov, dirijor Niyazi, rəssam Ə. Fətəliyev), 1975 ildə (rej. F. Səfərov, dirijor R. Abdullayev, rəssam T. Salahov) yeni quruluşları hazırlanmışdır. "Koroğlu" Aşqabad (1939, türkmən dilində), İrəvan (1942, erməni dilində) və Daşkənddə (1950, özbək dilində) tamaşaya qoyulmuşdur. AOBT-nın qastrol tamaşaları zamanı "Koroğlu" Təbriz, Tiflis, Kiyev, Peterburq və s. ş.-lərdə göstərilmişdir. "Koroğlu"nun 1952, 1970 illərdə klaviri və partiturası nəşr olunmuş, opera vala yazılmışdır. Operanın əsas qəhrəmanı olan xalqın obrazı məzlum vəziyyətdən tədricən güclənən etiraza, ədalət uğrunda əzmlə mübarizəyə qalxmaq qərarından —qələbə sevincinə qədər hərtərəfli, ardıcıl verilmişdir. Xalq obrazının açılışında ifadəli kiçik mövzu-tezislər — leytmotivlər böyük rol oynayır:- 1. Xalqın məzlumluğunu ifadə edən həyəcanlı mövzu (çahargah ladının kadensiya intonasiyası üstündədir).
- 2. Üsyan etmiş xalq mövzusu (şur ladının kadensiya intonasiyaları üstündədir; çağırış xarakteri daşıyaraq aşıq musiqisinin obraz-intonasiya quruluşu ilə səsləşir).
- Qətiyyətli, təsirli xarakter daşıyan 3 və 4-cü leytmotivlər xalqın qəhrəmani obrazı ilə bağlıdır; rast ladı intonasiyaları üstündə qurulan bu leytmotivlərdə müasir kütləvi mahnı əlamətləri müəyyən qədər özünü göstərir.
- 5-ci mövzuda xalqın iradəsi, poetik əhvali-ruhiyyəsi, yüksək mənəvi keyfiyyətləri ifadə olunmuşdur. I pərdənin əvvəlində xalqın məzlumluğu leytmotivi üstündə qurularaq onun kədərini, həyəcanını, qəzəbini ifadə edən "Bu gözəl təbiət" xoru xalq obrazının ekspozisiyası rolunu onayır. Kəndlilərin obrazı artıq I pərdədən dramaturji fəallığı ilə seçilir. Hüznlü "Yazıq Alı" xoru, rəqs, dramatik xarakterli "Gərək bu gün edək qiyam" xorundan sonra, səhnə qəhrəmanlıq leytmotivi üstündə qurulan "Hər bir yerdən, dağdan, daşdan" xoru ilə tamamlanır. III pərdədə xalqın obrazı geniş və hərtərəfli verilmişdir. Xordan əvvəl səslənən antraktda üsyançıların yenilməz xarakteri ifadə olunmuşdur. Bu xor xalqın qəhrəmanlıq, mərdlik və nikbinliyinə həsr edilmiş himndir. Xorun musiqisi təntənəli, bayramsayağı, iradəli xarakter daşıyır.
- "...həm ilk, həm də hələlik axırıncı Azərbaycan operasının müəllifi olmaq şərəfi mənə nəsib olmuşdur. Beləliklə, "Leyli və Məcnun"dan "Koroğlu"ya qədər kecilən yol təkcə Azərbaycan operasının otuz illik tarixi deyil, həm də mənim şəxsi yaradıcılıq yolumdur..."