Qadın və kişi beyinləri

Qadın və kişi beyinləri

  Deyəsən qadınların ailə həyatına bağlılığı və şıltaqlılığını onların heç də məhdud, zəif düşüncələri kimi başa düşmək düzgün deyil. Onlar dünyanın ən zərif və hissiyyatlı, pak və məkrli, sevinc və iztirabı vücudlarında yaşatmağı bacaran məxluqdur. Onlara qarşı son dərəcə nəzakətli, ehtiyatlı və həssas olmaq kişinin başlıca niyyəti olmalıdır. Psixoloqlar sualı çox öncə özlərinə vermiş və xeyli götür-qoydan sonra maraqlı nəticələrə gəlmişlər. İo Durden və Dmana de Simonen «Cinsiyyət və beyin» adlı maraqlı kitab yazıb, Qərbdə çap elətdirmişlər. Həmin əsərdən qeydlərin oxuculara maraqsız olmayacağına əminik. kişi və qadın,cinsi bərabərlik,gender,Ər-arvad üç il ərzində Amerika və Avropanı gəzib adamların beyni və əxlaqının tədqiqi ilə məşğul olan tanınmış alimlərlə görüşüb danışmışlar. Nəticə etibarilə bu müsahibələrə belə yekun vurulmuşdur: kişi və qadın beyinləri doğulan gündən bir-birindən fərqlənir. Oğlanlara və qızlara hətta eyni cür oyuncaq verib, eyni cür geyindirsəniz belə, onlar elə olduğu kimi də qalacaqlar. Tədqiqatçıların gəldikləri nəticə belədir. Beynin hipotalamus adlanan kiçicik bir hissəsi belə inkişafın əsasıdır. Kişi və qadınlarda bu hissə öz quruluşu və funksiyasına görə tamamilə fərqlidir. Qadın beyni öz həcminə görə kişi beyni ilə müqayisəyə gəlməsə də, sən demə, o, daha «yaxşı qurulmuşdur»,- daha səmərəli işləyir və nəticədə kişi beynini xeyli geridə qoyur. Belə «qeyri-bərabərliyə» dair bir neçə misal: - öz məşhur intuisiyalarını qadınlar bioloji yolla, yəni beyinlə birlikdə irsən qəbul edirlər; - qadınlar baxışları daha yaxşı «oxuyur» və həmsöhbətinin əl-qol hərəkəti və mimikasını (hətta qeyri-sərbəst) daha mükəmməl başa düşürlər; - qadınlar daha həssasdırlar; onlar bir anda ətrafdakı adamların əhval-ruhiyyəsində dəyişikliyi sezir, hər bir yanlış məlumatı dərhal hiss edirlər; - qadınlar dilçilikdə bir qayda olaraq kişilərə nisbətən daha bacarıqlıdırlar. Onların nitqi öz mürəkkəbliyi və bütövlüyü ilə fərqlənir. Onlar qrammatikada və xarici dilləri öyrənməkdə, elə mütaliədə də daha qüvvətlidirlər. - Qadınlar həm də iy, səs və toxunmaya daha həssasdırlar. Onlar kişilərə nisbətən bu qıcıqlandırıcı­ların yaranması, yaxud dəyişməsinə tez reaksiya verirlər. - Qadınlar kişilərə nisbətən bəzi yoluxucu formalara daha uğurlu müqavimət göstərə bilirlər. Qadınlarda bu qəribə keyfiyyətlər heç də əbəs yerə yaranmamışdır. Buna səbəb beynin sol yarımkürəsinin daha çox inkişaf etmiş olmasıdır. O, dilə, qavramaya və görmə obrazlarının təhlilinə «rəhbərlik» edir. Bütün bu sahələrdə qadının kişidən «ağıllı» olmasına səbəb nədir? Alimlər belə bir fikrə meyl göstərirlər ki, buna səbəb beyin gövdəsidir - o, qadınlarda kişilərdən fərqli olaraq daha qalındır. Professor-sosioloq Maksimiana Zinovats deyir ki, kişilərin əksəriyyəti cinsi bərabərlikdən danışsalar da, əslində, nədənsə bu, görünmür. Evlərin əksəriyyətində kişilər bu gün də ailə başçısı olaraq qalırlar. Demək olar ki, 80 faizə yaxın bütün mühüm qərarları o qəbul edir. Özünün inkişafdan qalmış sol yarımkürəsi ilə onun nə kimi qərarlar qəbul edə biləcəyini təsəvvür edirsinizmi?
Mənbə Allahverdi Eminov Şərq ailəsinin sirləri kitabından
P.S.Astona Universitetinin koqnitiv neyrovizuallaşdırma üzrə professoru Cina Rippon hesab edir ki, kişi və qadınların davranışa təsir göstərən beyin strukturlarının fərqi minimaldır. Bunun əksini düşünənlər isə elmi faktların “qoxusu” gələn köhnəlmiş stereotiplərin məngənəsindədirlər. C.Rippon demişdir: ”Bəşəriyyətin bütün tarixi boyu bioloji izahlardan cinslərarası sosial fərqləri sübuta yetirmək üçün istifadə olunmuşdur. Kraliça Viktoriya dövründə alimlər belə güman edirdilər ki, qadınlar düşünərkən beyinin kişilərin düşüncələrinin qaynaqlandığı hissəsini işlətmirlər. 1950-ci illərdə isə tədqiqatçılar belə qənaətə gəlmişdilər ki, qadının düşüncələrini hormonlar idarə edir. Hazırda isə kişi və qadınların beyin strukturlarının fərqli olması barədə fərziyyə dəbdədir”.
C.Ripponun fərziyyəsini onun həmkarları da bölüşürlər. Avstraliya alimi Kordeliya Faynın fikrincə, beynin strukturunda heç bir fərq yoxdur. Fərq yalnız təlim-tərbiyədədir.
Mənbə. kayzen.az
568 Views