Nəyə görə İmam Hüseyn (ə) üçün 2 ay əza saxlayırıq, digər Məsumlar (ə) üçün isə 1 gün?

Nəyə görə İmam Hüseyn (ə) üçün 2 ay əza saxlayırıq, digər Məsumlar (ə) üçün isə 1 gün?

İslam tarixinə nəzər salsaq, görərik ki, Məsumların (ə) hər biri öz dövründə haqqın carçısı olmuş, ədalətsizliklərlə mübarizə aparmışlar. Onların hər biri İslamın yaşaması, cəmiyyətin islahı, öz şəri və ictimai vəzifələrini yerinə yetirmək üçün mümkün olan hər bir şeyi etmişlər. Fəqət İmam Hüseynin (ə) dövründə İslam real yox olmaq təhlükəsi ilə rastlaşdı. Bəni-Üməyyə nəslinin ən şərəfsiz və ləyaqətsiz nümayəndəsi olan Yezid (lən), İslam ümmətinə başçı olmaq istəyirdi. Nəinki batini İslam düşmənçiliyi ilə coşub-daşan, hətta zahirdə də dini hökmləri ayaq altına alan Yezidin müsəlmanlara rəhbər olması İslam üçün ölüm demək idi. Buna görə də İmam Hüseyn (ə) qiyama qalxır və İslamı ölumdən xilas edir. İmam Hüseyn (ə) azğın bir ümməti islah etmək üçün hər şeydən keçərək bu fədakarlığı etdi qanı ilə Quranı, İslamı yaşatdı. Bu baxımdan, 2 ay əza tutmaq, matəm saxlamaq bəşəriyyəti islah etmək yolunda fövqəladə əhəmiyyətlidir. Biz də öz növbəmizdə İslamın diri qalması üçün bu əzadarlığı daim qoruyub saxlamalıyıq. Bunu etməklə bizlər İslamın yaşaması uğrunda İmam Hüseynin (ə) missiyasını davam etdirmiş oluruq.   O ki, qaldı niyə İmam Hüseynə (ə) 2 ay əza saxlamağa, digər Məsumlara (ə) isə 1 gün – belə bölücülüyün mahiyyətində yanlışlıq var. İmam Hüseynə (ə) əzadarlıq – bütün Məsumların (ə) məzlumiyyətinə münasibətdə həmrəylikdir. Yəni İmam Hüseynin (ə) məzlumuyyəti daha aşkar olduğu üçün, ona qarşı düşmənçilik nəhayətsiz dərəcədə açıq surətdə olduğu üçün, ona tutulan əza da simvolik xarakter daşıyır. İmam Hüseynə (ə) əza – bütün məzlumlara əzadır. Bu əzadarlığın mahiyyəti isə zalıma qarşı olmaq və məzlumun yanında olmaq fəlsəfəsini yaşatmaq, əmr-be-məruf və nəyh-əz-münkər mexanizmlərini yaşatmaqdır. Mənbə. dəyərlər.org
568 Views