Hidayətdən sonra azmaq ola bilirmi?

Hidayətdən sonra azmaq ola bilirmi?

Hidayət nədir? Hidayətə uzun-uzadı təriflər vermək və ya geniş izahlar vermək olar. Amma düşünürəm ki, hidayətin qısa izahını vermək istəsək, bu cür izah edə bilərik. Hidayət – insanın əsil hədəfinə doğru getməli olduğu yeganə yoldur.Yəni insanlıq bir missiya ilə bu dünyada mövcuddur. Adi ayaqqabı bağının belə missiyası olduğunu qəbul etdiyimiz təqdirdə, insanın missiyaya malik olmadığını iddia etmək gülünc olar. Bu missiya onu insan edən yeganə amildir. Hidayət yolu isə insanın bu missiyanın yerinə yetirilməsi üçün gedəcəyi yoldur. Bəs bu hidayətə necə qovuşaq? Bu gün Qurani Kərimin “Ali-İmran” surəsinin 8-ci ayəsində qeyd edilən bir nöqtəyə diqqət edərək, bəzi suallarımıza cavab tapmağa çalışacağıq. “(Onlar deyərlər:) «Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma və bizə Öz tərəfindən bir rəhmət bəxş et, çünki, çox-çox bağışlayan Sənsən!»”. Bu ayədən də görünüdüyü kimi, hidayət – bir İlahi lütfdür. İnsanın ilk olaraq dərk edəcəyi mövzu budur. Bəzi insanlar öz düşüncəsinin məhsulu olaraq, yaxud dostunun, qardaşının və ya kimlərinsə dəvəti ilə hidayət olduğunu düşünə bilər. Amma unutmamalıdır ki, hidayət yalnız Rəbbimiz tərəfindən lütf edilir. Sadəcə vasitələr fərqli ola bilər. Bəzən bir heyvanın davranışlarından təsirlənib, qəlbinin hidayət nuruna büründüyünü hiss edə bilərsən. Təbii ki, hidayət nuruna qərq olunan insan da müəyyən mövzularda İlahi sərhədlərə riayət edərək, İlahi nəzəri öz üzərinə cəlb edə bilib. Ən mühüm mövzu isə hidayət olduqdan sonra, bu yolda sabit qalmağı təmin etməkdir. Ayədə də qeyd edildiyi kimi, hidayət nurunu əldə saxlamaq iradəvi həyat tələb edir. Hidayət nuruna bürünmək sənin həmişə bu yolda sabit qalacağın anlamına gəlməz. Qeyd olunur ki, hidayətə çatdıqdan sonra qəlblərin azması da real mövzudur. Amma ayədən bir sual meydana çıxa bilər. Rəbbimiz hidayət etdiyi insanın qəlbini niyə azdırsın ki?! Bu sualın cavabı da ayənin özündə gizlənib. Diqqət etsək, qəlblərin azdırlması mövzunun həmən ardından Allahdan rəhmət təmənna edilir və Onun bağışlayan olduğu iqrar edilir. Buradan belə nəticə çıxartmaq olar ki, qəlblərin azması da insanın etdiyi günahların qarşılığında əldə etdiyi nəticədir. Məhz bu baxımdan da etdiyimiz günahların müqabilində Rəbbimizdən rəhmət istənilir. Ayədən anlaşılır ki, yalnız Allahın sonsuz rəhməti insanın etdiyi səhvləri, günahları ört-basdır edə bilər. Sonda isə Rəbbimizin çox-çox bağışlayan sifətinə sığınaraq, etdiyimiz günahların müqabilində qəlbimizin azmasını sığortalamaq istəyirik. Allahın sonsuz rəhmətinə sığınaraq, hidayət yolunda sabit qalmaq ümidi ilə... YazarMətləb Həmzəli İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası «Dəyərlər» Jurnalistika Məktəbinin məzunu Mənbə. dəyərlər.org
568 Views