Yer qabığında baş verən proseslər. Zəlzələ və vulkanlar (zəlzələ videoları)
Yerin müxtəlif süxurlardan təşkil olunması, yerin daxili qatlarında olan temperatur və təzyiq fərqi nəticəsində litosferdə müxtəlif proseslər gedir. Bu proseslər mənşəyinə görə daxili (endogen) və xarici (ekzogen) olur. Daxili proseslər Yer səthində yüksəklik və çökəklikləri yaradır. Süxurların yatım formalarını pozur, vulkan və zəlzələləri yaradır.
Litosferdə çatların, qırışıqların əmələ gəlməsi ilə müşahidə olunan şaquli və üfüqi hərəkətlər tektonik hərəkətlər adlanır. Bu proseslərin təsiri nəticəsində süxur layları üfüqi, maili, şaquli vəziyyət alır və ya çatlarla müxtəlif hissələrə ayrılır.
Şaquli hərəkətlər - düzənliklərə nisbətən dağlarda daha sürətlə gedir. Yerin daxilində baş verən proseslər səthdə tədrici, çoxəsrlik qalxma və enməyə səbəb olur. Məs: Hollandiya hər il 3 mm enir, Skandinaviya yarımadası isə 1 sm qalxır. Şaquli hərəkətlər nəticəsində enmiş sahə qraben, qalxmış sahə isə horst adlanır. Qrabenlərin su ilə dolması nəticəsində Baykal, Urmiyə, Van, Tanqanika, Nyasa və s. kimi göllər yaranıb. Qraben və horstlar pillə şəklində olduqda fay adlanır.
Üfüqi hərəkətlər də şaquli hərəkətlər kimi tədricən baş verir. Tektonik çatlarla parçalanmış litosfer tavaları üst mantiyanın səthi ilə ildə 2-3 sm sürətlə «sürüşərək» hərəkət edir. Üfüqi hərəkətlər nəticəsində enmiş sahə antiklinal və qalxmış sahə isə sinklinal adlanır.
Yerin ani bir vaxt ərzində tektonik proseslərlə əlaqədar olaraq tərpənməsinə zəlzələ deyilir. Zəlzələlərlə əlaqədar bütün proseslər seysmik hadisələr adlanır. Zəlzələni «seysmoqraf» adlı cihazla ölçürlər. Zəlzələlər dağıdıcı təsirinə görə 12 ballıq Rixter cədvəli ilə qiymətləndirilir. Baş verən dağıntılara görə zəlzələlər Merkalli cədvəli ilə qiymətləndirilir. Zəlzələlər yer qabığının fəal vulkanizm zonalarında daha çox təkrarlanır. Hər il dünyada 100 minlərlə zəlzələ baş verir ki, onların da 15-20-si daha fəlakətli olur. Onlar əsasən okeanlarda baş verir. Yerin daxilində zəlzələ törədən hərəkətlərin baş verdiyi yerə zəlzələ ocağı və ya hiposentr deyilir. Zəlzələ ocağının üzərində olan yer səthinə (və ya proyeksiyasına) zəlzələ mərkəzi və ya episentr deyilir. Yeraltı təkanlar zəlzələdan ən qısa məsafə qət etdiyi üçün ən güclü dağıntı episentrdə baş verir. Episentrdən aralandıqca dağıntı və insan tələfatı azalır. Zəlzələ ocağı dərində yerləşdikcə zəlzələ daha geniş ərazini əhatə edir. Zəlzələ ocağı dayazda yerləşdikdə isə zəlzələnin yer səthində yayıldığı sahə kiçik olsa da, daha çox dağıntı törədir.
Zəlzələlər çox güclü vulkan partlayışı nəticəsində də baş verir. Dünyada ən güclü zəlzələlər Amerikanın qərb sahilindəki Kordilyer-And dağlarında, Cənubi Avropa ilə Asiya arasındakı Alp-Himalay dağlıq qurşağında, Sakit Okeanın qərb sahilindəki müasir geosinklinal qurşaqda (Yaponiya, Indoneziya, Filippin və s.) baş verir. Avstraliya, Braziliya yaylası, Labrador yarımadasında isə zəlzələlər demək olar ki, baş vermir.
Izoseyslər- seysmik xəritələrdə –eyni güclü seysmik təkanların hiss olunduğu məntəqələri birləşdirən xəttlərdir.
Mantiyanın yuxarı hissəsindəki ərimiş maddələr – maqma yüksək təzyiq altında daxili proseslər nəticəsində Yer qabığında əmələ gəlmiş çatlarla yuxarıya doğru hərəkət edir. Maqmanın bir hissəsi Yer səthinə çatmamış soyuyub Yer qabığının müxtəlif hissələrində qalır, digər hissəsi isə yüksək təzyiq altında səthə çıxaraq sel kimi axır. Səthə çıxmış maqma – lava adlanır. Lava soyuduqdan müxtəlif hündürlüklü təpələr əmələ gətirir ki, buna vulkan deyilir. «Vulkan» qədim romalılarda od allahıdır. Vulkan lavası sıyıq olduqda qalxanvari relyef forması (Havay tipli vulkanlar) yaradır. Lava qatı olduqda əsl konus yaradır.(Stratovulkan).
Maqmanın Yer səthinə çıxdığı kanala vulkan boğazı deyilir. Vulkan püskürməsi zamanı əmələ gəlmiş təpənin zirvəsindəki çökəkliyə krater deyilir. Kraterdən yer səthinə çoxlu miqdarda qaz, su buxarı, vulkanik toz, kül və lava cıxır. Diametri 1,5 km-dən böyük olan krater kaldera adlanır. Eroziya və denudasiya prosesləri vulkan dağını aşındırır, lakin vulkan boğazında qalıb, soyuyaraq bərkimiş lava-nekk adlanan qayalı relyef əmələ gətirir. Boğaz və krater vulkanın elementləridir.
Vulkanlar - fəaliyyətdə olan və sönmüş vulkanlara bölünürlər. Püskürməsi bəşəriyyətin yaddaşında qalan vulkanlar fəaliyyətdə olan vulkan adlanır. Dünyada 817 fəaliyyətdə olan vulkan mövcuddur ki, onların 620 - si yaxın keçmişdə püskürüb. Bu vulkanların 75%-i Sakit okeanın «odlu həlqəsində» (məs. Klyucevskaya Sopka, Fudziyama və s.) və Indoneziya adalarındadır. Bundan başqa Cənubi Avropa və And dağlarında da çoxlu fəaliyyətdə olan vulkan mövcuddur. Fəaliyyətdə olan vulkanlardan - Vezuvi, Etna, Stromboli (Italiya), Hekla (Islandiya), Kamerun (Afrika), Fudziyama, Azo (Yaponiya), Klyuçevskaya Sopka (Rusiya), Orisaba, Taxamulko, Popokatepeti (Şimali Amerika) - Şimal yarımkürəsində; Kilimancaro (Afrika), Kotopaxi, San-Pedro, Ruis, Lyulyalako (C. Amerikada), Erebus (Antarktida), Krakatau (Indoneziya) -Cənub yarımkürəsində yerləşir.
Dünyada fəaliyyətdə olan ən yüksək vulkan Cənubi Amerikadakı Lyulyalako (6723 v) dağıdır.
Yer kürəsində fəaliyyətdə olan vulkanlara nisbətən sönmüş vulkanlar daha çoxdur. Onların püskürməsi haqqında heç bir tarixi məlumat yoxdur. Qafqazın ən hündür zirvələri Elbrus, Kazbek, Azərbaycandakı - Böyük Işıqlı, Qızılboğaz, Savalan sönmüş vukanlardır.
Zəlzələ və vulkanlar əsasən geosinklinal (dağlıq) ərazilərdə - litosfer tavalarının sərhəddində geniş yayılıb. Qədim platforma sahələrində (düzənliklərdə) zəlzələ və vulkanlara rast gəlinmir.
Vulkanların bir növü olan palçıq vulkanları püskürdükləri lavanın temperaturunun az olması ilə fərqlənirlər. Lavanın tərkibində su çox olduğuna görə sıyıq palçığa oxşar gilli kütlə kimi axır və içərisindən qaz qabarcıqları çıxır. Bu vulkanlara ən çox neftli-qazlı sahələrdə rast gəlinir və onlardan müalicə məqsədi ilə istifadə edilir. Vulkan borusunun ətrafında toplanan kəsəkli palçıq-brekçi adlanır. Azərbaycan palçıq vulkanlarının ən çox yayıldığı ərazilərdəndir (xüsusilə Abşeron və Qobustanda).
Vukan və zəlzələlərin yayıldığı bəzi ərazilərdə yeraltı sular adətən yüksək temperatura malik olur. Bu sularda çoxlu duz və qaz olduğu üçün onlar mineral sular adlanır. Suların isti olmasına səbəb Yer səthinə yaxın olan qaynar maqmanın təsiridir. Isti sular yerin daxilindəki çatlarla səthə çıxır, bulaq şəklində çay və dənizlərə tökülür.
Bəzən yeraltı sular yüksək təzyiq altında səthə çıxaraq fəvvarə vururlar. Fəvvarə şəklində Yer səthinə çıxan isti bulaqlara qeyzerlər deyilir. Qeyzerlər adətən müəyyən fasilələrlə fəvvarə vururlar. Hər 1 qeyzerdə su buxarının səthə çıxdığı dairəvi çökəkliyə qrifon deyilir. Qeyzer sularının tərkibində həll olmuş halda müxtəlif mineral birləşmələr, xüsusi ilə kükürdlü maddələr olur. Qeyzer qrifonlarının kənarında toplanan bu minerallar qeyzerit adlandırılan süxurlar yaradırlar. Qeyzerlər ən çox - Islandiya, Kamçatka, Yeni Zelandiya və Sakit okean adalarında yayılıb. Yeraltı isti sulardan evlərin, istixanaların qızdırılmasında, mineral sulardan isə müalicə məqsədi ilə istifadə edilir.
Mənbə. kayzen.az
Video.