Çayın tarixi faydaları və ölkələrə görə dəmlənmə qaydaları

Çayın tarixi faydaları və ölkələrə görə dəmlənmə qaydaları

Öz tarixi təkamülündə müxtəlif dəyişikliklərə məruz qalan çay içkisi qədim Çində tez həlledilən formada istifadədən tutmuş dövrümüzdə kofeinsizləşdirilmiş‚ soyuq çay, hətta üzvi çay (ekoloji cəhətdən təmiz ərazilərdə becərilən bitki ibtidai dövrlərdə olduğu kimi emal edilir) formalarına qədər inkişaf etmişdir.

Çayın tarixində daha maraqlı rəqəm 1908-ci ildə geniş yayılmış paket (birdəfəlik) çayların ABŞ-da istehsalıdır. Çay ağacının vətəni Çin hesab edilir. Məhz çinlilər yarpaqdan hazırlanmış həlimin insan orqanizmi üçün tonlaşdırıcı təsirinə diqqət yetirmiş və bu bitkinin becərilməsinə başlamışlar. Çayla bağlı ilk xatirələrə təxminən 5000 il bundan əvvəl Çin əlyazmalarında rast gəlinir. Çay son dərəcə faydalı və əvəzolunmaz məhsuldu. Əgər XIX -cu əsrin əvvəllərində çayın tərkibinin yalnız dörd-beş maddədən ibarət olduğu düşünülürdü, hazırda sübut edilib ki çayda onlarla kimyəvi qrupa aid olan maddələrin elementləri mövcuddur. Buraya efirli yağlar, taninlər, flavonoidlər, alkaloidlər, vitaminlər və sairləri aiddir Çinlilər çayın insanın görmə qabiliyyətinə təsirindən hələ qədim zamanlarda yazıblar, müasir dövrdə bu cür təsir çayın tərkibində olan provitamin A ilə izah edilir. Yaxınlarda bir sıra alimlər çayın allergiyaya qarşı təsiri mövzusunda tədqiqatlar aparıblar, bu tədqiqatların nəticəsində çayın histaminin, yani allergiya simptomlarına cavabdeh maddənin qanda azalmasında rolu olduğu araşdırılıb. Tokio Universitetinin alimləri çayın xolerakimi infeksion xəstəliyinə qarşı və ümumiyyətcə antibakterial təsirə malik olduğunu sübut ediblər.

Alimlər çayın tərkibindəki flavonoidlərin çayın antioksidant xassələrinin səbəbkarı olmağını bildirir, digər sözlərlə desək flavonoidlər insan hüceyrələrinin oksidləşməsinə yol verməyərək, azad radikalların çoxalmasının qarşısını alır. Bir sıra çay mütəxəssisləri yaşıl çayın qara çaya nisbətən daha faydalı olduğunu qeyd edir. Yaşıl çay daha az emala məruz qaldığından lazımlı elementləri itirmir və insana çox xeyir verir. Lakin Azərbaycan və bütün postsovet (Orta Asiyanı və bir sıra regionları çıxmaq şərtilə) məkanında əsasən qara çaydan istifadə olunur.

Çayın hansı regionda yetişdirilməsinin onun keyfiyyətinə və xassəsinə təsiri böyükdü. İki əsas çay növü var: Çin çayı və Hindistan-Seylon çayı. Çin çayının daha incə təravəti olur. Dəmlənmiş çayın rəngi açıq sarıya çalır, amma əsil çay biliciləri bu növ çayların qiymətini yaxşı bilirlər. Elə bizim Lənkəran çayı da Çin növlüdü. Nəinki Lənkəran, hətta Gürcüstanda və Rusiyanın Krasnodar vilayətində yetişdirilən çaylar da bu növdən sayıla bilər. Uzun illər dünya bazarında Çin növlü çaylar azlıq təşkil edib, çünki elə Çinin özündə yetişdirilən çay sortları yerli əhalinin tələbatını güclə ödəyib

 Ölkələrə görə çay Dəmlənmə qaydaları

  • Çinlilər əvvəlcədən qızdırılmış çaynikə çayı atıb, üstünə qaynar suyu tökürlər, 3 dəqiqədən sonra, farfordan hazırlanmış fincanlara süzüb, qaynar-qaynar, özü də qəndsiz içirlər.

  • Yaponlar çayı, əvvəlcə, xüsusi hazırlanmış həvəngdəstədə əzib, toz halına salırlar. Sonra, əvvəlcədən qızdırılmış çaynikə atıb, üstünə hərarəti 70 selsidən yuxarı olmayan qaynamış su töküb, 2-3 dəqiqədən sonra içirlər. Yaponların dediklərinə görə, bu cürə dəmlənmiş çay, öz müalicəvi əhəmiyyətini saxlamaqla yanaşı, həm də çox ətirli olurlar. Yaponlar əsasən, çayın ətrindən daha çox feyziyab olurlar. Belə ki, onlar da çayı 40-50 qr.-lıq kiçik fincanlarda içirlər.

  • İsveçrəlilər qaynayan südə qaynaya-qaynaya əvvəlcə qənd atırlar, onun ardınca, quru çayı atıb, odu söndürürlər. Tam soyudub, sonra içirlər.

  • Kalmıklar bir balaca suyu çaynikdə qızdırıb, həmin çaynikə yaşıl çayı atıb, qoyurlar odun üstünə. Su qaynağa düşəndən sonra, qaynar süd, ərinmiş yağ, duz əlavə edib, qarışdıra-qarışdıra 15 dəqiqə qaynadırlar. Qaynama müddətinin başa çatmasına 7-8 dəqiqə qalmış, çaynikə dəfnə yarpağı və mixək əlavə edib, odu söndürürlər. Və nəhayət, süzgəcdən süzüb içirlər.

  • Azərbaycanlılar çayı adətən, şüşə və ya saxsı çayniklərdə dəmləyirlər. Əvvəlcə, çayı çaynikə töküb və sonra üstünə qaynamış suyu əlavə edib, asta odda dəmləyirlər. Təxminən 5 dəqiqədən sonra çay hazır olur.

Qeyd...

Qaynra çay içmək çox zərərlidir ki, bundan qaçınmaq lazımdır. Qaynar çayı alkohol və siqaret ilə birgə istifadə etdikdə qida borusunun xərçəngi riski artır. Bir qrup çin alimləri bu qənaətə gəliblər. Doqquz il müddətində həkimlər yaşı 30-dan 79-a qədər olan 456000 insanın sağlamlığını və qida vərdişlərini tədqiq etmişlər. Həmin müddət ərzində 1731 qida borusu xərçəngi aşkar olunub. Alimlər müəyyən ediblər ki, müntəzəm olaraq qaynar çay içən və gündə 15 qramdan az olmayaraq alkohol qəbul edən pasientlərdə onkoloji xəstəliklər 5 dəfə tez-tez muşahidə olunur. Qaynar çay içən və siqaret çəkənlərdə qida borusunun xərçəngi 2 dəfə tez-tez rast gəlinib.Tədqiqatın müəllifləri hesab edirlər ki, çayın temperaturunun 65oC-dən yuxarı olması daxili orqanlarda termiki zədələr yaradır ki, bu da onkoloji xəstəliklərin yaranma riskini artıra bilir. Onlar insanları həddən artıq isti mayelərə ehtiyatla yanaşmağa dəvət edirlər, xüsusən də alkohol və siqaret istifadə olunduğu hallarda.

568 Views