Joze Saramaqo haqqında
Ümumdünya İnsan Haqları Deklorasiyası 50 il əvvəl bu gün imzalanıb. İldönümü mərasimi hələ də davam edir. Amma bilirsiniz ki, zaman keçdikcə maraq azalır. Ortaya ciddi məsələlər çıxarsa, toplumun marağı hadisənin elə ertəsi günündə belə azala bilər. Yenə də bu anım mərasimlərinə qarşı çıxmıram. Mən də bir çoxuna mülayimliklə qatılmışam. Əgər uyğunsuz, vaxtı keçmiş, ya da yüngüllük hesab etməsəniz, buna bir neçə şey də əlavə edə bilərəm.Bu 50 ildə hökumətlər əxlaqən etməli olduqları hər şeyi etmədilər əlbəttə. Haqsızlıq çoxaldı, bərabərsizlik artdı, cəhalət böyüdü və bədbəxtlik yayıldı. Qayalarının quruluşunu öyrənmək üçün başqa planetə alətlər göndərə biləcək bacarığı olan bu şizofrenik insanlıq, milyonlarla insanın aclıqdan ölməsi barədə laqeydliklə danışır. Marsa getmək qonşuya getməkdən daha asan görünür. Heç kəs öz vəzifəsini yerinə yetirmir. Hökumətlər də. Çünki bilmirlər, ya da edə bilmirlər və ya istəmirlər.
Yaxud dünyanı həqiqətən idarə edənlər onlara icazə vermirlər. Dünyanı idarə edən bu çoxmillətli və çoxqitəli şirkətlərin mübahisəsiz şəkildə anti-demokratik gücləri, ideal demokratiyadan qalan hər şeyi darmadağın etdi. Biz vətəndaşlar da öz vəzifəmizi yerinə yetirmirik. İnsan haqlarının tələb etdiyi vəzifələr simmetriyası olmasa bu haqlar mövcud ola bilməz. Hökumətlərin bunu gələcək 50 ildə də bacara bilməsi gözlənilmir. Buna görə vətəndaş olaraq səsimizi yüksəltməliyik. Haqlarımızı tələb edərkən nə qədər coşğunuqsa, yenə eyni formada, vəzifələrimizin cavabdehliyini qəbul etməliyik. Bəlkə bu yolla dünya bir az daha yaxşı bir yer ola bilər.
Təşəkkürlərimi də unutmadım. 8 oktyabrda Frankfurtdakı ilk təşəkkürüm məni Ədəbiyyat üzrə Nobel mükafatına layiq görən İsveç Elmlər Akademiyasına idi. Naşirlərimə, tərcüməçilərimə və oxucularıma da təşəkkür edirəm. Hər birisinə bir daha minnətdaram. Bundan başqa, portuqaliyalı və portuqalca yazan keçmiş və indiki yazarlara da təşəkkür etmək istəyirəm. Ədəbiyyatımız onların sayəsində mövcuddur. Mən də sadəcə onlardan biriyəm. O gün də dediyim kimi, mən bunun üçün yaradılmamışam, bu mükafat mənə sonradan verildi. Buna görə çox təşəkkür edirəm.
Mənbə . kayzen.az