Frida Kalo- İztirablarla dolu taleyi olan rəssam – (Foto)
Frida Kalo – ən məşhur meksikalı rəssamdır. Kommunist, ekspressiv və ekssentrik olan Frida ölümündən əvvəl çox az müddətdə şöhrət qazanmışdır. Hal-hazırda onun rəsmlərinin milyon dollarlıq dəyəri var. Fridanın şöhrətinə bir çoxları paxıllıq edərdi, amma onun taleyinə heçkim paxıllıq etməz…
6 yaşında olarkən Frida poliomielit keçirir. Bunun nəticəsi olaraq onun sağ ayağı sol ayağı ilə müqayisədə inkişafdan qaldı, arıq və nisbətən gödək oldu. Bir sözlə sağ ayaq sanki “qurudu”. Buna görə də Frida bütün ömrü boyu ağsayır, ayağını gizlətmək üçün uzun şalvar və donlar geyinirdi. Uşaqlıqda keçirilən xəstəlik Fridaya həmyaşıdları arasında “taxta ayaq” ləqəbi qazandırmışdır, ancaq bu hələ harasıdır ki… Fridanın əzabları növbə ilə onu gözləyirdi.
12 il sonra Frida öz dostu Alexandro ilə dəhşətli avtoqəzaya düşür – onun yol getdiyi avtobusla tramvay toqquşur.
Alexandro bu qəzadan canını yaxşı qurtara bilir. Frida isə elə zədələnmişdir ki, həkimlər bütün ümidlərini itirmişdilər. Dəmir çubuq Fridanın qarnından girib çanağından çıxmışdır.
Bütün bunlara baxmayaraq Frida həyatda qalır, yaşamaq üçün güc tapır. Frida 32 əməliyyat keçirir, illərlə gips və əlil arabasında qalır və ömürlük dözülməz ağrılar yaşayır.
Elə bu vaxt Frida ciddi şəkildə incəsənətlə məşğul olmağa başlayır. Atası Fridanın çarpayısı üzərində güzgü və xüsusi çərçivə quraşdırır. Hansı ki, bunun köməyi ilə Frida çarpayıda ola-ola rəsm çəkə bilirdi. Əksər hallarda Frida avtoportretlər çəkirdi, çünki bu onun yatağa dustaq olduğu zaman yeganə görə biləcəyi təsvir idi.
Bir neçə ildən sonra nisbətən bərpa olunan Frida həmin dövrdə məşhur olan kommunist rəssam Diyeqo Riveranın yanına gəlir. Frida ona 1 il ərzində çəkdiyi rəsmləri göstərir. Fridanın rəsmləri məşhur rəssamı təəccübləndirə, hətta heyrətləndirə bilir.
Həmin vaxtda dəlisov və ehtiraslı Diyeqo 2-ci həyat yoldaşı ilə təzə boşanmış olur və 20 yaşlı qızla roman yaşamağa ona heçnə mane olmur. Fridaya aşiq olmamaq mümkün deyildi. O, cəsarətli, istedadlı və intellektli idi.
Diyeqo nəhəng, qorxulu, eybəcər və Fridadan 20 yaş böyük idi. Bununla belə, qadınlar Diyeqonu həmişə sevirdilər. O isə həmişə qarşılıq verirdi. Bir dəfə Diyeqo etiraf etmişdir : “Qadını çox sevdikcə, ona daha çox əzab və iztirab vermək istəyirəm”.
Frida Diyeqonu hədsiz dərəcədə sevir və qısqanırdı. Ona olan sevigisini öz gündəliyində geniş şəkildə təsvir edir, demək olar ki, gündəliyinin yarısını ona həsr edir. Fridanın Diyeqo haqqında yazdıqlarından biri: “Mənim həyatımda iki qəza baş verib: biri – avtobusla tramvayın qəzası, digəri isə Diyeqodur”
Cəmiyyət içərisində Frida həmişə şən olur, ürəkdən gülür, ucadan söyüşlə danışır, siqaret çəkir, içki içir. Bir sözlə xoşbəxt görsənməyə çalışırdı. Onun səmimiyyəti, iç dünyasının həqiqəti, emosiyalarının reallığı ancaq rəsmlərdə və gündəliyində təsvir olunmuşdur.
1950-ci ildə Fridaya onurğası üzərində daha 7 əməliyyat keçirdilər. Bundan sonra o, ömürlük əlil arabasına dustaq oldu. 1953-cü ildə ölümündən bir il onun sağ ayağını amputasiya etdilər. Elə bu vaxt Meksikada onun ilk sərgisi açıldı. Sərginin açılışına Frida təcili yardım maşınında gətirildi. Ölümündən bir həftə əvvəl Frida “Yaşasın həyat!” (Viva la Vida) rəsmini çəkdi və dünyanı həyatı sevərək tərk etdi…
Mənbə. bildirchine.az