Dahi insanları birləşdirən iki amil
Dahilik superzəka ilə yox, kreativlik - istənilən öhdəlik qarşısında çıxış yolu tapmaqla izah olunur.
Qeyri-standart düşüncə
Misal üçün, məktəb təhsili almadan ixtiraçı, diplomat, alim, yazıçı və siyasətçi olan Benjamin Franklinin həyatına nəzər salaq. İldırımötürəni ixtira edən, okean cərəyanlarının temperaturunu ölçən Franklin Qolfstrim cərəyanın dəqiq xəritəsini çəkən ilk insan oldu.
Albert Eynşteynin də taleyi oxşardır. Uşaqlıqda danışmağa gec başlayan Albert o vaxtki təhsil sisteminə itaətsizliyinə görə dərslərində də uğurlu olmadı.
Dil bilgilərinin gec inkişafı ona digərlərinin adi qarşıladığı, fikir vermədiyi gündəlik hadisələri müşahidə etmək imkanı verdi.
Eynşteyn kimi Stiv Cobs da gözəlliyin önəminə inanırdı. O, incəsənətin, dəqiq və humanitar elmlərin bir-biri ilə birləşməli olduğunu hesab edirdi. Məlum olduğu kimi, təhsilini ataraq Cobs xəttatlıq və rəqs dərslərinə yazılmışdı, sonra da mənəvi inkişaf üçün Hindistana getmişdi.
Maraq
Leonardo da Vinçini ən görkəmli dahi saymaq olar. O, həm rəssam, həm də alim kimi düşünürdü, beyni nəzəri bilikləri vizuallaşdıra bilirdi. Öz sözlərinə görə, o, təcrübə və eksperimentlərin təqibçisi idi. Ən önəmli xüsusiyyəti isə maraq idi.
Ondan sonra qalan gündəliklərinin minlərlə səhifəsi onu maraqlandıran suallarla doludur. Məsələn, o, insanların niyə əsnədiyini, dairənin sahəsinə bərabər kvadratı necə tikmək mümkün ola biləcəyini, aorta qapağının necə bağlandığını, insan gözünün işığı necə qəbul etdiyini və bunun rəssamlıqda necə istifadə oluna biləcəyini bilmək istəyirdi. O, timsahların çənəsini, insan üzünün əzələlərini, ay işığını öyrənmək fikrində idi.
Onun maraqlandıqları adi insanların ancaq uşaqlıqda düşündükləri idi (məsələn, səma niyə mavidir).
Bəzi insanlar müəyyən sahələrdə dahidir, məsələn, Leonard Eyler riyaziyyatda, Motsart musiqidə. Da Vinçinin istedad və maraqları bir çox sahələri əhatə edirdi. Cəsədlərin üz dərisini soyaraq əzələləri öyrənən Da Vinçi ağıllı olduğu üçün yox, daha vacibi – hər şeylə maraqlandığı üçün dahi sayılırdı.
Yazar. Nəzrin Həsənova
Mənbə. oxu.az