Attila Kimdir
Hunlar Avropada III-IV əsrlərdə göründülər. Əvvəlcə alan tayfalarını əzdilər. Sonra qasırğa kimi Donla Dunay arasındakı qot qəbilələrini pərən-pərən saldılar. Hun sərkərdələrindən Uludin Bosfor çarlığını da istila edib nəhayət, 400-cü ildə Şərqi Roma imperiyasının magistri Qaynanı Dunay ətrafındakı döyüşdə əsir edib başını vurdurdu. O, imperiyanın bu ən böyük sərkərdəsinin kəlləsini duzlu suya saldırıb imperator Arkadiyə göndərdi. V əsrdə Hunların qüdrəti elə bir həddə çatmışdı ki, at belində doğulub ox və qılınc sədaları altında yaşa dolan igidlər böyüyüb cəsurluğun və qəhrəmanlığın elə bir həddinə çatmışdılar ki, hər biri ayrılıqda böyük bir orduya sərkərdəlik edə bilərdi. Dünyaya hələ elə bir insan övladı gəlməmişdi ki, bu sərkərdələr ordusunu öz dəmir iradəsi altında birləşdirib hələ alınmamış ölkələr və qitələr üstünə aparsın. V əsrin 20-ci, 30-cu illərində Hun sərkərdəsi Royanın səylə nadir enerjilər yenidən vahid bir axında toplandı. Röya Roma imperiyasının ərazisi olan Pannoniyanı özünə ordugah seçib Avropanın gələcək idarəsi üçün gözəl coğrafi və strateji sığınacaq əldə etdi. Roya hər il romalılardan 70 funt qızıl alıb dünyanı titrədən imperiyanı dinc buraxdı. 433-cü ildə Royanın ölümündən sonra yarım milyonluq igidlər ordusunu itaətdə saxlamaq üçün qüdrətli bir zəka lazım idi. Və tarixin xoşbəxtliyindən tale bir zəkanı yaratdı. 445-ci ildə tarix meydanında İsgəndər və Sezardan sonra üçüncü bir düha - türk oğlu Attila zühur etdi. Əslində Avropa tarixinin yeni erası bu dövrdən başlamalıdır. Attila zamanında vestqotlar düşmən cəbhəsində, osqotlar isə hunlarla müttəfiq idilər. Daha doğrusu, ilk məğlubiyyətdən sonra özləri qırmızı qurd təsvirli Hun bayrağı altında döyüşməyi intixab etmişdilər. Ostqotlardan başqa Şərqi və Mərkəzi Avropanın onlarla qəbiləsi və xalqın ən fəal, döyüşkən hissələri Attilanın xidmətində idi. Bunu həm Şərqi, həm də Qərbi Roma imperatorları Feodosi və Valentinian yaxşı bilirdilər. Məşhur ingilis tarixçisi Eduard Gibbon yazır ki, dinc zamanda şahlar və krallar öz qoşunlarıyla növbə ilə Attilanın keşiyini çəkirdilər. Attilaya dövrünün iki böyük imperiyası xərac verirdi. Az qala bütün Avropa hun-türk dilində danışırdı. Analar hər üç körpədən birinə hun adı qoyurdu. Hətta Şərqi Avropanın zərgər və başqa məişət sənəti ustaları belə hun-türk üslubunda bəzək və geyim əşyaları düzəldirdilər. Attila ona görə imperiyalıları məhv etmirdi ki, bəs sonra kimdən ildə 600 funt (iki ton) qızıl alacaqdı?! Lakin az sonra o, Bizans imperatorunu cəzalandırmalı oldu. Attila bir-birinin ardınca 70-ə qədər Balkan ölkələri şəhərlərini fəth etdi. İmperator Feodosi tələsik elçilər göndərib yürüşü saxlamaqla hunların bütün şərtlərinə əməl etməyə hazır olduğunu bildirdi. Attilanın zahiri görünüşü yalnız düşmənlərinin təsvirində qalıb. Qot tarixçisi İordan yazır ki, o, ortaboylu, iribaşlı, enlisinəli, kiçikgözlü, seyrəksaqqallı bir adam idi. Qarşımda hansı bir avropalı rəssamınsa çəkdiyi «Attilanın yanında ziyafət» əsərinin reproduksiyası durur. Qüdrətli fatehin burada rəsm edilən obrazı daha real və inandırıcıdır. Lövhədən mənə məğrur, müdrik və qüdrətli bir hökmdar baxır. Onun cansız kağızda belə sərt və vahiməli görünən nəzərləri bütün varlığıma nüfuz edir. O, doğrudan da qeyri-adi dərəcədə sərtdir. Lakin bu sərtlikdə nə qədər dərin bir təmkin və sakitlik var. Belə dərin sakitlik isə yalnız coşqun ehtirasların qaynadığı bir ürəkdə məskun ola bilər. Attilanın doğrudan da belə bir qeyri-adi şəxsiyyət olduğunu iki dəfə onun ziyafətində iştirak edən ləyaqətli Bizans tarixçisi Paniyalı Priskin qeydləri də təsdiq edir. 450-ci ildə Qərbi Roma imperatoru III Valentinian bacısı Qonoriyanı ömürlük qızlığa məhkum edib qəsrdə saxlayırdı. Lakin zirək qız öz üzüyünü xacə Qiatsinat ilə xəlvəti Attilaya göndərdi. O, məktubunda Attilaya ərə getmək istədiyini bildirib onu Romaya dəvət edir. Lakin əhvalatdan xəbərdar olan imperator bacısını Konstantinopola - əmisi oğlu imperator II Feodosinin yanına göndərir. O da tələsik Qonoriyanı əhəmiyyətsiz bir adama ərə verib Attiladan xilas olmaq istəyir. Həmin il II Feodosi ölür. Tarixçilər Attilanın Qərbə yürüşünü bu hadisə ilə əlaqələndirirlər. Bu cəhətdən Priskin dedikləri daha real və ağlabatandır. O yazır: «Attila bu əhvalatdan sonra tərəddüd edib bilmirdi ki, əvvəlcə iki dövlətdən hansı birinə hücum eləsin. Nəhayət, o fikirləşib belə qərara gəldi ki, daha çətin olan müharibəyə - Qərbi Roma imperiyasına qarşı müharibəyə başlasın. Burada o, təkcə İtaliya ilə deyil, həm də vesqotlar və franklarla döyüşməli idi». Bundan şərəfli nə ola bilərdi? Axı Şərqi romalılara o neçə dəfə qalib gəlmişdi. Məşhur ingilis tarixçisi Eduard Gibbon yazır: «Bütün bəşəriyyət ürək döyüntüsü ilə Attilanın nə qərara gələcəyini gözləyərkən o Ravenna və Konstantinopola (Qərbi və Şərqi Roma imperiyalarının paytaxtlarına) elçi göndərib eyni təşəxxüslə yazırdı: «Attila hər iki imperatora əmr edir ki, onu qəbul etmək üçün təcili olaraq saray tikdirsinlər!»» Attila əvvəlcə üzünü Yuli Sezardan bəri məğlubiyyət nə olduğunu bilməyən Qalliyaya tərəf çevirdi. Orada Attilanın yolunu özgəsi deyil, dönə-dönə himayədarlıq etdiyi Qərbi Roma imperiyası ordularının baş komandanı Aetsi kəsmişdi. İstər qədim, istərsə də yeni tarixçilər Attilanın bayrağı altında yarım milyona qədər döyüşçünün yürüşə çıxdığını yazırlar. Hətta indinin özündə belə böyük qüvvə olan bu qədər qoşun kimlərdən ibarət idi? Əlbəttə, əsas və aparıcı qüvvə türk qəbilələri - hunlar, türklinq, skir, alan, sonra isə akasir, roksalan, bellonq, qelont və bastarnlar idi. Bu qəbilələrin hərəsi yürüşə öz yaraq-yasağı, adət-ənənəsi, sərkərdəsi və kralı ilə çıxmışdılar. Sonra german tayfaları - üç qardaş Velamir, Teodomir və Videmirin krallığı ilə üç yerə bölünmüş ostqotlar, sonra mərd Arderixin krallığı ilə kepidlər, daha sonra qerullar, ruqlar, slavyanlar, antlar və başqa qəbilə və xalqların ən igid döyüşçüləri, ümumiyyətlə otuza qədər kral öz ordusu ilə gözlərini Attilaya zilləyib onun barmağının işarəsi ilə hərəkət edirdilər. Bu krallardan Attila yalnız ikisini Velamir və Arderixi yanında saxlayıb onlarla məsləhətləşərdi. ...Qoşun hər yerdə Roma qarnizonlarını dağıdıb Qalliya torpağına daxil olanda artıq bahar idi. Franklar öz krallarını öldürüb yerinə qardaşını kral seçdilər. Və öz gənc kralları ilə birgə yürüşə qoşuldular. Yolda burqundların bir hissəsi də Attilanın ordusuna daxil oldular. Böyük ordu bir-birinin ardınca Qalliyanın şəhərlərini almağa başladı. 451-ci ilin aprelində, Mets, Strasburq, Şneyer, Vorms, Maynts, Bezenson və başqa iri şəhərlər fəth edildi. Attila sadə bir kətildə oturub şəhərlərin kurnallarını (bələdiyyə rəislərini) qəbul edib öz şərtlərini deyirdi. Bütün Avropa türk atlarının dırnaqları altında idi. Nəhayət, qart Roma qartalı qanadlarını çırpıb hərəkətə gəldi. Vesqotların kralı I Teodorix imperator Valentinianın yalvarışlarından sonra saysız-hesabsız qoşunla romalıların tərəfində olan alanlara, franklara və burqundlara qoşuldu. Attila Roma üzərinə yeridi, Ancaq papa I Lev çoxlu hədiyyə ilə gəlib ondan aman istədi. Bu səhnəni rəssam Rafael əks etdirmiş, fatehin ən gözəl portretini isə Delakrua yaratmışdır. Beləcə, Roma yeni eranın 452-ci ilində Hun kralının mərhəməti ilə fəlakətdən xilas oldu. ...Bu qədər böyük triumflardan sonra həyatda nə qalırdı?! Taleyin insanı ucaltmaq həddi varmı? Bir şəxsiyyət öz həmcinsləri arasında nə qədər yüksələ bilər? Deyirlər ki, böyük fatehlərdən yalnız Makedoniyalı İsgəndər gənc yaşında ölsə də, əzabsız, iztirabsız can verib. Belə olduqda Attilanın ölümünü toy-bayram saymaq lazımdır. Pannoniyaya qayıtdıqdan sonra o, İldiko adında misilsiz gözəl bir alman şahzadəsi ilə evlənir. Toy gecəsinin səhəri içəridə hıçqırtı eşidən yaxın adamları qapını sındırıb otağa girirlər. Attilanın burnundan həmişə qan açılırmış. Toy gecəsi o, arxası üstə yatır və burnundan açılan qandan özü də hiss etmədən ölür.. Bütün qohum-qardaş və xalq qədim türk adətincə saçlarını kəsib, üz-gözlərini cırırlar. (Üzünü cırmaq adəti bizdə indi də qalır). Bu xəbərdən bütün Avropa sarsılır. Düşmənlər də, dostlar da. İordan yazır: «Attila hər iki imperiyanı o qədər vahiməyə salmışdı ki, hər iki hökmdar onun ölüm xəbərini Allahın mərhəməti kimi qəbul etdilər». Hunlar öz kaqanlarının meyitini üçqat tabuta əvvəlcə qızıl, üstündən gümüş və nəhayət ikisini də üçüncü dəmir tabuta qoyub, kimsəsiz düzənliyə gətirdilər. Burada nəhəng bir kurqan qazıb Şumerdən bəri qədim türk adətinə görə sarayının bütün sərvətiylə birgə gecənin yarısı dəfn etdilər. Sonra kurqanı hamarlayıb və dəfndə iştirak edənlərin hamısını qılıncdan keçirib, geri qayıtdılar. İndi də hardasa Mərkəzi Avropa düzənliklərinin birində Avropa xalqlarının zehnində ən dərin iz buraxan bir insan bütün cah-calalı ilə qızıl tabunun içində uyuyur. Torpaq isə özünün ən qüdrətli fatehini inadla, yer üstündəki miskin və cılız övladlarından gizlədir. Attilanın ölümündən sonra onun oğlanları təbii ki, atalarının böyük irsini saxlayacaq qüdrətə malik deyildilər. Fatehin böyük oğlu Ellak döyüş meydanında birinci, özü də qəhrəmanlıqla həlak oldu. Denzi, İrnak və başqaları isə öz xalqları ilə ətrafda qaynaşan düşmən qəbilələrini yara-yara qədim vətənlərinə - Skif çöllərinə qayıtdılar. Bununla da Avropa xalqlarının tarixində hun dövrü və ya qəhrəmanlıq eposu sona yetdi. Mənbə: böyük insan Əlisa Nicatın "Dünya sərkərdələri" kitabı Mənbə. Kayzen.az